Bəşər tarixinin yetirdiyi nadir simalardan biri olan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bütün mənalı həyatını xalqının səadəti, firavanlığı, suverenliyinə həsr etmişdir. Bu mənada Azərbaycan xalqı da xoşbəxtdir ona görə ki, bu xalq Heydər Əliyev kimi müdrik rəhbər, dünya səviyyəli siyasətçi yetirmişdir. Ulu öndər Heydər Əliyev hələ siyasi hakimiyyətinin birinci dövründə, hətta Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı dövrlərdə də xalqının milli maraqlarını daim qorumaqla mükəlləf olduğu kimi müttəfiq respublikalar içərisində Azərbaycanın inkişafı, tərəqqisi yolunda əzmlə çalışmışdır. Bu səbəbdəndir ki, müdrik siyasətçinin birinci dövr siyasi hakimiyyəti illərində Azərbaycanın ittifaq miqyasında inkişafı diqqət mərkəzinə çəkilir, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, hərbi quruculuq, sənaye, kənd təsərüfatı və digər sahələrdə aparılan kadr hazırlığı, istiqlal ideyalarının dəstəklənməsi kimi məqamlar əslində dahi şəxsiyyətin Azərbaycan xalqının müstəqilliyinə hesablanmış strategiyasının tərkib hissəsi idi.
Dünyanın qabaqcıl ölkələrinin də təcrübəsində yetişməkdə olan nəslin, gəncliyin daim diqqət və qayğı ilə əhatə olunması əslində ölkənin işıqlı gələcəyinə hesablanmış addım olduğu təcrübədə də özünü doğruldur. Ölkəmizdə də gəncliyə diqqət və qayğı, gəncliyin milli-dövlətçilik konsepsiyası əsasında tərbiyə olunması prioritet sahə kimi əhəmiyyət daşıyır. Gəncliyin sosial-iqtisadi həyatın aparıcı qüvvəsinə çevrilməsi sahəsində Azərbaycan modeli dünya arenasında əhəmiyyətli təcrübə kimi qəbul olunur. Azərbaycan gənclərinin yüksək intellektli, milli təfəkkürlü, dünyəvi dəyərlərə, elmi biliklərə yiyələnmiş şəkildə formalaşması siyasəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik konsepsiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı bu gün ölkəmizdəki gənclər siyasətinin memarı ulu öndər Heydər Əliyev hesab olunur. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Siyasi hakimiyyətinin bütün dövrlərində sağlam, milli dəyərlərə sadiq gəncliyin yetişdirilməsini vətəndaş cəmiyyətinin təməl prinsipi hesab edən Heydər Əliyev hələ ittifaq dövründə azərbaycanlı gənclərin təhsil, mədəniyyət, hərbi quruculuq və digər sahələrdə yetişib formalaşmasını daim diqqət mərkəzində saxlamış, gəncliyin gücünə inanmış, gənclərin dövlət quruculuğunda, idarəçiliyindəki innovativ ideyalarını dəstəkləmişdir.
1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev ilk gündən Azərbaycan gənciliyinin milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, yüzlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin ən tanınmış ali məktəblərinə təhsil almağa göndərmişdir. Ulu öndərin gələcəkdə milli kadrlara olan ehtiyaca hesablanmış siyasəti müstəqil Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və dövlət quruculuğu prosesində əhəmiyyətli rol oynadı. Milli hərbi kadrların hazırlanması sahəsindəki sistemli addımlar gələcəkdə milli ordunun kadrlara olan ehtiyaclarını təmin etmək baxımından əvəzsiz addım idi. Qeyd edək ki, sovetlər dönəmində həyata keçirilmiş uzaqgörən siyasətin müəllifi zamanın dahisi Heydər Əliyev idi. Çünki, Heydər Əliyev gəncləri dövlətçiliyimizin əsas hərəkətverici qüvvəsi kimi görür, onları təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın mühüm atributu kimi dəyərləndirirdi. Gələcək müstəqilliyin qaçılmazlığını bütün varlığı ilə duyan, dərk edən ulu öndər bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbr və təmkinlə həyata keçirdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaq təhlükəsindən qurtardığı kimi, Azərbaycan gəncliyinin də xilaskarı oldu, gəncliyin gücünə arxalandı, onların potensialından düzgün istifadə etməyi bacardı. Ölkədə gənclərlə iş prioritet sahə elan olundu, gənclər tədricən ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar. Məqsədyönlü siyasətin nəticəsi idi ki, ayrı-ayrı dövlət strukturlarında gənclərin irəli çəkilməsi, bu sahədəki növbəti addımı- 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasını zərurətə çevirdi. Dahi rəhbərin 1995-ci ildə irəli sürdüyü ideya əsasında 1996-cı ildən ölkə gənclərinin formu ardıcıl olaraq keçirilməyə başlandı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda ulu öndər Heydər Əliyev proqram xarakterli çıxış etdi, gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirildi, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi ilə əlaqədar aidiyyatı təşkilatların qarşısında mühüm vəzifələr qoyuldu, Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü elan olundu. 1999-cu il 2-3 mart tarixlərində keçirilən gənclərin II Forumunda Ümummilli lider deyirdi: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!". “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında”, ”Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, ”Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Gənc ailə”, “Ordudan təxris olunmuş gənclərin məşğulluğu” kimi dövlət proqramlarının icrası ölkədə gənclər siyasətinin sistemli xarakter almasını təmin etdi.
Ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev müdrik rəhbərin ideyalarına sadiqliyini ifadə edərək deyirdi: “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında” 2005-ci il 30 avqust tarixində imzalanmış Sərəncam, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, Gənclər Mərkəzinin, Gənclər Fondunun və Gənclər Evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, 2007-ci ilin ölkədə “Gənclər ili” elan edilməsi İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz ifadəsi idi.
Ulu öndər Heydər Əliyev ideyaları işığında sürətlə inkişaf edən ölkəmizdə gənclərin milli dəyərlərə, tarixi keçmişimizə sədaqət ruhunda tərbiyə olunması, hərbi vətənpərvərlik ruhunda yetişdirilməsinin bəhrəsi idi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etdi, Azərbaycan ordusunun, Azərbaycan gəncliyinin gücünü, qüdrətini bütün dünyaya bəyan etdi.
Əli Həşimov
Ali Məclisin deputatı