Atletika üzrə Azərbaycan çempionatı keçirilib. Bakı Atletika Mərkəzində 2 gün davam edən yarışda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı, Gədəbəy və Xızını təmsil edən 130 atlet mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, çempionatda Naxçıvanı təmsil edən yeganə idmançı olan Əmrah Nağıyev 3000 metr məsafəyə qaçış yarışında qızıl medal qazanıb. Finişə rəqiblərindən öndə çatan atlet bu məsafədə 9 dəqiqə 37.81 saniyəlik nəticə göstərib. Əmrah bu göstərici ilə şəxsi rekordunu (9:45.83) da yeniləyib.
Qeyd edək ki, Dünya Atletika Birliyinin qlobal təqvim platformasında yer alan ölkə çempionatı dünya və Avropa çempionatı da daxil olmaqla bir çox nüfuzlu yarışlarda iştirak üçün reytinq xallarının qazanılması baxımından mühüm əhəmiyyət kəsb edir.