Portuqaliyalı baş məşqçi Ruben Amorim İngiltərənin "Mançester Yunayted" komandasında antirekord müəyyənləşdirib.
NUHÇIXAN "Opta"ya istinadən xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın Premyer Liqanın XXIV turunda doğma meydanda "Kristal Pelas"a uduzması (0:2) ilə reallaşıb.
Komanda 40 yaşlı mütəxəssisin rəhbərliyi altında çempionatda doğma meydanda keçirdiyi 7 qarşılaşmanın 5-də məğlubiyyətlə üzləşib. Bu isə klub tarixində ən pis nəticədir.
"Mançester Yunayted" sabiq baş məşqçiləri Devid Moyeslə Premyer Liqadakı 5-ci ev yenilgisini 14-cü, Erik ten Haqla 28-ci, Lui van Qalla 30-cu, Ule-Qunnar Solskyaerlə 31-ci, Aleks Ferqyuson ilə 88-ci matçda alıb. Komanda Joze Mourinyo və Ralf Ranqnikin rəhbərliyi altında çempionatda doğma meydanda 5 dəfə uduzmayıb.
Qeyd edək ki, "Mançester Yunayted" 29 xalla 13-cü pillədə qərarlaşıb.