Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib - FOTOLAR
“Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 2024-cü il ərzində öz işini təsdiq olunmuş İş Planı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, aktual məsələlər və perspektivlər üzərində qurmuş, müxtəlif tədbirlər, layihələr icra etmişdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, hesabat ili ərzində gənclər və idman siyasətinin əsas istiqamətləri üzrə 16073 nəfərin iştirakı ilə 196-sı gənclər sahəsini, 169-u isə idman sahəsini əhatə etməklə, ümumilikdə 365 tədbir keçirildi. Hesabat dövründə bir çox Naxçıvan gənci ölkə üzrə qrant müsabiqələrinin qalibi olmaqla muxtar respublikada uğurlu layihələr icra etdilər, nazirliyin dəstəyi ilə könüllülər ölkəmizdə təşkil olunan düşərgələrdə, eləcə də xaricdə keçirilən mübadilə proqramlarında iştirak etməklə yeni təcrübələr qazanmış oldu. İdmançılarımız dünya, Avropa, ölkə və beynəlxalq səviyyəli yarışlarda 72-si qızıl, 71-i gümüş, 58-i bürünc medal olmaqla, ümumilikdə 201 medal qazandılar.” Bu sözləri Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov qurumun Kollegiya İclasında səsləndirib.
2024-cü ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirə edildiyi iclasda ötən il həyata keçirilən tədbirlər, müvafiq sahələr üzrə görülən işlər və qazanılan nailiyyətlər haqqında danışılıb. Nazir müavini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər barədə də fikirlərini diqqətə çatdırıb. Qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq gənclərin şəxsi və peşəkar inkişafı istiqamətində müxtəlif mövzularda təlimlər keçirilmiş və bu prosesin təşkili növbəti ildə də davam etdiriləcəkdir. Naxçıvan şəhərinin müxtəlif ərazilərində olmaqla, 8 yerdə açıq hava idman qurğularının əhalinin istifadəsinə verilməsi şəhər infrastrukturu, idman mühiti, əhalinin sağlam həyat tərzinə sövqü, gənclərin fiziki hazırlığı baxımından dövlətin mühüm töhfəsi kimi dəyərləndirilib. Məcid Seyidov əlavə edib ki, 2025-ci il ərzində də muxtar respublikanın rayon və şəhərlərində, böyük qəsəbələrdə olmaqla, 11 yerdə sadə tipli idman qurğularının quraşdırılması, o cümlədən özəl investisiya hesabına bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır.
Tədbirdə Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva, Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayon gənclər və idman idarələrinin rəisləri hesabat məruzəsi ilə çıxış ediblər.
Nazirliyin 2025-ci üçün İş Planı diqqətə çatdırılıb və Kollegiya üzvlərinin səs çoxluğu ilə qəbul edilərək təsdiq olunub.
Nazir müavini Məcid Seyidov cari ildə görüləcək işlərlə bağlı tələb və tapşırıqları diqqətə çatdırıb, kollektivə uğurlar arzulayıb. Qeyd edib ki, fəaliyyətimizin dinamikasını, keyfiyyətini bir qədər yüksəltməli, vəzifələrin vaxtında icrasına, problemlərin operativ həllinə xüsusi önəm verməliyik. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda icrasına məsul olduğumuz məsələlər diqqətdə saxlanılmalı, aid olduğumuz xidmət sahələrində vətəndaşların rahatlığını təmin etməli, cəmiyyətin sağlam həyat tərzinə təşviqi işini bir qədər də gücləndirməliyik. Gənclərin hərtərəfli inkişafına dəstəyimizi bir qədər də artırmalı, gənclərin çoxluq təşkil etdiyi və ya təşkilatlandığı təsisatlarla əməkdalıq əlaqələrini gücləndirməli, vahid əlaqələndirmə və koordinasiyalı mexanizmə keçid etməliyik.