Azərbaycan şahmatçılarının iştirak edəcəkləri Qran-Pri mərhələləri müəyyənləşib

A- A A+

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-Pri seriyasında iştirak edəcək şahmatçıların siyahısını açıqlayıb.

NUHÇIXAN FİDE-nin rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak edəcəkləri yarışın hər mərhələsində 16 şahmatçı mübarizə aparacaq. Hər bir şahmatçı dörd Qran-Pri mərhələsinin yalnız üçündə iştirak edə bilər. Ş.Məmmədyarov Moskva, Yurmala və Təl-Əvivdə çıxış edəcək. O, yalnız Hamburqdakı turnirdə iştirak etməyəcək. T.Rəcəbov isə Yurmala şəhərində keçiriləcək Qran-Pri mərhələsini buraxacaq. Turnirin yekun nəticələrinə görə ən yüksək göstəriciyə malik iki şahmatçı 2020-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirak hüququ qazanacaq.

Qran-Pri seriyasının ilk mərhələsi mayın 16-dan 30-dək Moskvada, sonrakı mərhələlər isə Riqa və Yurmalada (11-25 iyul), Hamburqda (4-18 noyabr) və Təl-Əvivdə (10-24 dekabr) keçiriləcək. Qran-Pri seriyasının hər mərhələsinin mükafat fondu 130 min avro təşkil edəcək. FİDE tərəfindən yaradılan əlavə 280 min avroluq mükafat fondu yüksək nəticə göstərən oyunçular arasında bölünəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: