AFFA İntizam Komitəsi aşağı liqalarda hakimləri təhqir edən və onlara fiziki təzyiq göstərməyə cəhd edən iki məşqçini 5 oyunluq, 9 futbolçunu isə 4 matçlıq cəzalandırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında keçirilən “Salyan” - “Qobustan” matçı bitdikdən sonra qonaq komandanın baş məşqçisi Elbrus Baxşəliyev hakimin üzərinə hücum çəkdiyinə və onu vurmağa cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb.
AFFA U-17 Liqasında ştirak edən “Səbail”in baş məşqçisi Ceyhun Cavadov da 5 oyunluq cəzaya məruz qalıb. Buna onun “Sumqayıt”la matçın 16-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılması səbəb olub.
İntizam Komitəsi həmçinin 5 futbolçunu təcavüzkar davranışa görə birbaşa meydandan qovulduğu üçün 4 oyunluq diskvalifikasiya edib.
Əvəzediclər Liqasında “Zirə-2”dən Nurhan Abdıyev, Region Liqasında “Çinar Zəngilan”dan Elcan Sarıyev, U-17 Qızlar Liqasında “Zaqatala”dan Hənifət İbrahimova, “Sabah”dan Fatimə Kərimli, futzal üzrə I Liqadan isə “Xan Lənkəran”ın oyunçusu Pərviz Həsənov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulduqları üçün 4 oyunluq cəzalandırılıblar. “Zirə-2” futbolçusunun hərəkətinə görə 300 manat ziyana düşüb.
4 futbolçuya isə hakimləri təhqir etdiklərinə və onları vurmağa cəhd göstərdiklərinə görə sanksiya tətbiq olunub.
U-17 Liqasında “Sabah”dan Zakir Əmirov, Region Liqasında “Qobustan”dan Tural Nəhmətli və Samin Gülməmmədov, həmçinin “Əmirli” klubundan Mirzəxan Bəyalızadəyə 4 oyunluq cəza verilib.