Qəbələ-Xankəndi ultramarafonununun qalibləri mükafatlandırılıb - FOTOLAR
Qəbələ-Xankəndi ultramarafonununun qalibləri mükafatlandırılıb.
NUHÇIXAN xəbər verir ki, mükafatlandırılma iki kateqoriyada olub.
Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 4 000 AZN, 2-ci yerin qalibi 3 000 AZN, 3-cü yerin qalibi isə 2 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.
Yer tutan idmançılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim edib.
Ümumi nəticələrə əsasən kişilər arasında türkiyəli Üzeyir Söyləməz birinci olub. İkinci və üçüncü yerləri müvafiq olaraq, Ömər Alkanoğlu (Türkiyə) və Georgi Lomidze (Gürcüstan) tutublar.
Qadınların mübarizəsində isə ukraynalı Olena Şevçenko bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Türkiyəli Hasibe Deniz ikinci, rusiyalı Maria Kolpakova üçüncü olub.
Qeyd edək ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.
Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun ilk mərhələsində iştirakçılar Qəbələdən Ağdaşa qədər 55 km məsafəni qaçıblar. İdmançılar daha sonra Ağdaşdan Bərdəyə (65 km) və Bərdədən Ağdamadək (44 km) məsafəni qət ediblər. Son olaraq yarış iştirakçıları Ağdamdan Xankəndiyə qədər 28 km məsafəni arxada qoyublar.