Azərbaycan xalqı bizi çox gözəl qarşıladı.
NUHÇIXAN xəbər verir ki, bunu Qəbələ-Xankəndi ultramarafonunun qalibi, türkiyəli atlet Üzeyir Söyləməz jurnalistlərə açıqlamasında deyib.
O, qızıl medal qazanması ilə bağlı təəssuratlarını bölüşüb:
"Yarış çox maraqlı keçdi. Məni növbəti həftə daha bir çətin yarış gözləyir. Azərbaycan mənim üçün önəmli olduğuna görə dəvət gələn kimi qəbul etdim. Bura gələrkən Qarabağ savaşıında canından keçən şəhidlərin məzarlarını görüb duyğulandım. Onların hər birinə rəhmət diləyirəm. İlk üç mərhələni mən, sonuncunu isə Ömər Alkanoğlu qazandı. Son gündə qısa məsafəyə qaçış idi. Çempionluğu təmin etdiyim üçün son gündə əyləndim, çempionluğu dostumla birgə paylaşmaq istədim. Xoşbəxt gəldim, ölkəmə xoşbəxt qayıdıram. Ümumi sıralamada birinciyəm. Son mərhələ stresli yarış idi, məşq kimi keçdi. Qələbəmdən çox məmnunam".
Ü.Söyləməz yenidən Azərbaycanda bu cür yarışlara qatılmaq istədiyini bildirib:
"Növbəti mövsümlərdə daha böyük yarışların təşkil ediləcəyinə ümid edirəm. Dünya bu gözəllikləri görməlidir. Düzü, marafonun belə yüksək səviyyədə keçəcəyinə inanmırdım. Çox gözəl, təbii yerlərdir. Nə yaxşı ki, torpaqlarınızı geri qaytardınız. Növbəti mövsüm yenidən gəlməyi düşünürəm. Həmçinin, daha çox adamın bu marafona qatılmasını arzu edirəm. Təşkilat çox yüksək səviyyədə idi. Azərbaycan xalqı da bizi çox yaxşı qarşıladı. Ümid edirəm, Azərbaycan daha yaxşı yerlərə gələr".