Naxçıvanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan idman yarışları keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan idman yarışları keçirilib.
NUHÇIXAN xəbər verir ki, yarışların keçirilməsində məqsəd şəxsi heyət arasında fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, mənəvi-psixoloji xüsusiyyətlərin tərbiyə edilməsi, həmçinin idman növlərinin geniş yayılmasına nail olmaqdır.
Yarışlardan öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılara yarışların qaydaları barədə məlumat verilib.
Struktur qurumların hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşlarından ibarət yığma komandalar uzunluğa və hündürlüyə tullanma, turnikdə dartınma və 2400 metr məsafəyə qaçış növləri üzrə yarışlarda iştirak ediblər.
Sonda ilk 3 yeri tutan komandalar medal və fəxri fərmanla təltif olunublar.