İstanbulda UEFA nümayəndəliyi açılıb - FOTOLAR

A- A A+

İstanbulda Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nümayəndəliyi açılıb.

NUHÇIXAN xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndəliyin ölkə futbolu üçün xeyirli olmasını diləyib.

Türkiyə Futbol Federasiyasının 1962-ci ildən etibarən UEFA-nın tamhüquqlu üzvü olduğunu qeyd edən ölkə başçısı bildirib ki, 63 ildir Avropa futbol qurumu ilə sıx əməkdaşlıq edirlər.

“Türkiyə son 20 ildə - 2005 və 2023-cü illərdə Çempionlar Liqasının finallarına, 2009-cu ildə UEFA Kubokunun finalına, 2013-cü ildə FIFA U-20 dünya çempionatına, 2019-cu ildə isə UEFA Superkuboku oyununa uğurla ev sahibliyi edib. Türkiyə klubları da hər il UEFA yarışlarında yer alır. Türkiyənin əsas milli komandası tarixində ilk dəfə 2025-ci ildə Millətlər Liqasının A Liqasında iştirak etmək hüququ qazanıb. Ölkə 2026-cı il UEFA Avropa Liqası və 2027-ci il UEFA Konfrans Liqasının həlledici qarşılaşmalarını qəbul edəcək. Türkiyə 2032-ci ildə keçiriləcək Avropa çempionatını isə İtaliya ilə birlikdə təşkil edəcək”, - Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Son 23 il ərzində ölkəsinin idman infrastrukturu üzrə aparılan islahatları xatırladan Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Olimpiadalar da daxil olmaqla, bütün beynəlxalq idman tədbirlərini həyata keçirmək potensialına sahibdir: “Türkiyə idman investisiyalarında da fərqli bir səviyyəyə çatıb. Sahə üzrə idman obyektlərinin sayı 1575-dən 4470-ə yüksəlib. Futbol meydançalarının sayı da artırılaraq 595-dən 1365-ə çatdırılıb”.

İstanbulda da önəmli layihələrə imza atıldığını deyən Prezident Ərdoğan qeyd edib ki, nümayəndəliyin açılması ilə Türkiyə futbolunun inkişafı üçün UEFA ilə daha sıx əməkdaşlıq qurulacaq, birgə layihələr həyata keçiriləcək.

Sonra nümayəndəliyin rəsmi açılışı olub.

Mərasimdə UEFA rəhbəri Aleksander Çeferin və bir sıra federasiya nümayəndələri iştirak ediblər. Ölkəmizi isə tədbirdə AFFA-nın icraçı vitse-prezident Sərxan Hacıyev təmsil edib.

Qeyd edək ki, İstanbul ofisi UEFA-nın London və Brüsseldən sonra üçüncü xarici nümayəndəliyidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: