“Bayer” futbol komandasının mərkəz müdafiəçisi Conatan Ta bir neçə həftədir yay transferi ilə bağlı “Barselona” ilə şifahi razılığa gəlib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Sky Sports"un jurnalisti Florian Plettenberq bildirib.
Daha əvvəl 29 yaşlı alman futbolçu mövsümün sonunda “Bayer”dən ayrılacağını açıqlamışdı - o, klubu ilə yeni müqaviləyə razılıq verməyib. Mənbənin sözlərinə görə, Kataloniya klubuna keçid hələ indiki mərhələdə tamamlana bilmir. Hələlik tərəflər arasında şifahi razılaşma olsa da, heç nə imzalanmayıb.
Ta “Real Madrid” və “Bavariya”nın diqqət mərkəzindədir. Əgər komandaya yayda “Bayer”in hazırkı baş məşqçisi Xabi Alonso rəhbərlik etsə, Madrid komandası ilə seçim aktual ola bilər. Futbolçu ilə məşqçi arasında yaxın münasibət var.
Conatan Ta 2015-ci ildə “Bayer”ə qoşulub. Bu müddət ərzində o, 398 oyun keçirib, 17 qol vurub və 13 məhsuldar ötürmə edib. Ta cari mövsüm 45 matçda iştirak edib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 30 milyon avrodur.