Suqovuşanda “Prezident Kuboku-2025” reqatasının açılış mərasimi keçirilib - FOTOLAR

A- A A+

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” reqatasının açılış mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Qarabağın dilbər guşəsi olan Suqovuşanda təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev xarici ölkələr tərəfindən turnirə marağın günü-gündən artığını və bunun sevindirici olduğunu qeyd edib.

Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Yan Zunqrana avarçəkmənin Azərbaycanda son illərdə olduqca inkişaf etdiyini vurğulayıb. O, qonaqpərvərliyə və səmimi qarşılanmaya görə AKAF-a təşəkkür edib.

Reqatanın Suqovuşanda artıq 5-ci ildir keçirildiyini xatırladan gənclər və idman naziri Fərid Qayıbov təşkilatçılığın ildən-ilə təkmilləşdiyini deyib. Nazir idmançıların yarışdan zövq alacaqlarına inandığını bildirib.

Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürəcək yarış mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə güclərini yoxlayacaqlar.

Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında reqatanın bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəl qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Reqataya hər zaman olduğu kimi atəşfəşanlıqla yekun vurulacaq.

Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: