Naxçıvanda Milli Qəhrəman Yusif Mirzəyevin xatirəsi anılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, mayın 23-ü Milli Qəhrəman Yusif Mirzəyevin anadan olmasının 67-ci ildönümü münasibətilə “Vətən sevdalısı igid əsgər” adlı anım tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin dəstəyi ilə reallaşan tədbirdə Yusif Mirzəyevin yaxınları, şəhid ailələri və qazilər, gənclər, kursantlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar qəhrəmanın Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Naxçıvan Hərbi Kollecində reallaşan tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik sükutla başlayıb. Ardınca Yusif Mirzəyevin qəhrəmanlıq dolu ömür yolunu əks etdirən qısa videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər – Kollecin rəis müavini Hikmət Hacıyev, Nazirliyin aparat rəhbəri İlhamə Nəzərova, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov Yusif Mirzəyevin vətənə sədaqətindən, fədakarlığından və onun gənclər üçün örnək olan mənəvi irsindən danışıblar.
Yusif Mirzəyevin bacısı Naibə Mirzəyeva, qızı Nurlana Mirzəyeva və döyüş yoldaşı Vaqif Bağırov çıxış edərək şəhidin həyatına dair şəxsi xatirələrini bölüşüb, tədbirin təşkilində əməyi keçənlərə minnətdarlıqlarını ifadə ediblər. Şəhidin qohumu Yusif Mirzəzadə isə belə tədbirlərin gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
Bədii hissədə müğənni Emin Hüseynovun ifasında səslənən “İgid əsgər” mahnısı, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəb şagirdlərinin təqdim etdiyi vətənpərvərlik ruhlu kompozisiyalar və səhnəciklər, eləcə də kursantların iştirakı ilə formalaşan emosional atmosfer tədbirin mənəvi zənginliyini daha da artırıb. Xatirə Muzeyinin əməkdaşı Sevinc Səbzəliyevanın ifasında səsləndirilən “Burax məni çıxım gedim, axı Vətən əldən gedir” adlı monoloq isə iştirakçılarda dərin təəssürat yaradıb.