1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Naxçıvanda ilk dəfə olaraq voleybol festivalı keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Əcəmi seyrangahında təşkil olunan festival çərçivəsində təbii ot örtüyü üzərində hazırlanmış mini voleybol meydançalarında aşağı yaş qrupu üzrə oğlan və qız komandaları arasında yarışlar təşkil olunub. Yarışlarda ümumilikdə 10 komanda mübarizə aparıb. Oğlanların yarışında "Naxçıvan" komandası, qızların yarışında isə "Möminə Xatun" birinci olub. Festivalda Naxçıvan şəhəri ilə yanaşı Şərur, Sədərək və Culfa rayonlarından da komandalar mübarizə aparıb.
Ümumilikdə festivalda 100 nəfərə yaxın uşaq voleybolçular və onların valideynləri, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər. Valideynlərə və uşaqlara festivalda iştiraka görə sertifikatlar verilib, voleybol topları hədiyyə olunub.
Festival çərçivəsində Azərbaycan Voleybol Federasiyasının Naxçıvan Filialı tərəfindən 2012-2016-cı il təvəllüdlü, boy və çəki göstəriciləri müvafiq kriteriyalara uyğun gələn oğlan və qız uşaqlarının voleybola cəlb edilməsi üçün seçimlər aparılıb. Valideynləri ilə birgə müraciət edən 30 uşaq arasından boy və çəki göstəriciləri uyğun gələn 10 uşaq seçilərək voleybol məşqlərinə yazılıb.
Uşaq voleybolunun təbliği baxımından əməmiyyətli olan festival maraqla qarşılanıb.