Barselonada Formula 1-in ikinci qış testlərindən əvvəl “Mersedes”in “W10” bolidinin əsaslı şəkildə yenilənməsi Almaniya komandasının rəqiblərini 2019-cu il mövsümündə “Mersedes”in taktikası barəsində gözlənilməz təkliflə çıxış etməyə sövq edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə Formula 1-in mətbuat xidmətinin əməkdaşı Uill Bakston məlumat verib.
U. Bakston öz “Twitter” səhifəsində yazıb: “Mersedes”in əsas rəqiblərindən biri ilə çox maraqlı söhbətim olub. Bu həftə təqdim edilən “W10” yenilənmiş variant deyil, alternativ versiyadır. Onlar düşünürlər ki, komanda 2019-cu ildə trasdan asılı olaraq iki konsepsiyadan istifadə etmək variantını nəzərdən keçirə bilər”.
“Mersedes”in texniki direktoru Ceyms Ellison daha əvvəl bolidin yeni versiyasında irəliləyişin əldə olunduğunu bildirsə də, şinlərin aşınması probleminin olduğunu etiraf edib.