Kiyevdə futbol həyəcanı: UEFA Çempionlar Liqasının final oyunu ilə əlaqədar ölkəyə 100 min əcnəbi gələcək
UEFA Çempionlar Liqasının mayın 26-da Kiyevdə keçiriləcək final oyunu ilə əlaqədar gələn həftə Ukrayna paytaxtına 100 min əcnəbinin gəlməsi gözlənilir.
Bu barədə NUHÇIXAN-a açıqlamasında Ukrayna Futbol Federasiyasının mətbuat xidmətindən bildiriblər.
Oyun günü “Borispol” aeroportuna əlavə olaraq 100 çarter reysi ilə hərəkət edən təyyarələrin eniş etməsi gözlənilir. Təkcə həmin gün Kiyevə 20 min azarkeş təşrif buyuracaq. Çarter reysi ilə gələn təyyarələr mayın 27-də səhər saat 07:00-dək aeroportda qalacaq.
Final oyunu ilə əlaqədar mayın 24-dən Kiyevin mərkəzi hissələrində başlayacaq futbol festivalı mayın 26-da axşam saat 20:00-dək davam edəcək.
UEFA Çempionlar Liqasının final oyununda “Real” və “Liverpul” komandaları üz-üzə gələcəklər.