Naxçıvandan daha bir güləşçi dünya çempionatının mükafatçısı olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilmiş kəmər güləşi üzrə dünya çempionatında Azərbaycan milli komandası uğurlu nəticə əldə edib. Yarışda 29 ölkədən 300-ə yaxın idmançı mübarizə aparıb. Komandamız turniri 2 qızıl, 10 gümüş və 10 bürünc medalla başa vurub.
Yığmamızın heyətində yer alan Naxçıvan Muxtar Respublikasının təmsilçisi Kazım İsmayıllı da dünya çempionatının medalçıları sırasında yer alıb. O, böyüklər arasında 65 kq çəki dərəcəsində üçüncü olub.
İlk qarşılaşmada iranlı rəqibini tam üstünlüklə məğlub edən Kazım İsmayıllı, növbəti mərhələdə Özbəkistan təmsilçisinə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Burada o, ardıcıl olaraq Misir və Qırğızıstan idmançılarını, daha sonra isə üçüncü yer uğrunda keçirilən qarşılaşmada gürcü rəqibini tam üstünlüklə məğlub edərək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha öncə yeniyetmələr arasında çıxış edən digər naxçıvanlı güləşçi Namiq Əlizadə dünya çempionatında gümüş medal qazanmışdı.