Naxçıvanda media nümayəndələri arasında intellekt yarışı keçirilib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Media-aktiv” layihəsinin icrasına başlayıb.
İyulun 10-u Naxçıvan Şahmat Mərkəzində layihənin ilk tədbiri – media nümayəndələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Tədbirdə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək iştirakçıları milli mətbuatın 150 illiyi münasibətilə təbrik edib, intellekt mübarizəsində uğurlar arzulayıb.
İki turdan ibarət yarışmada 11 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Ümumilikdə 32 sual səsləndirilib, doğru cavablar 1 xal ilə qiymətləndirilib. Nəticələrə əsasən "Sosial Press" komandası yarışmanın qalibi olub. "Əkinçi" və "İrşad" komandaları müvafiq olaraq ikinci, üçüncü yerlərə sahib çıxıblar.
Layihənin proqramına uyğun olaraq qarşıdakı günlərdə stolüstü tennis, şahmat və futzal yarışları keçiriləcək. İyulun 21-i isə mükafatlandırma tədbiri təşkil olunacaq.
Layihə media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təbliği, dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, milli mətbuatın 150 illiyinin qeyd olunması məqsədi daşıyır.