"Sabah"ın hücumçusu Coy Lens Mikels Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub.
NUHÇIXAN Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubunun futbolçusu bunu UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele" (Sloveniya) ilə cavab matçında reallaşdırıb.
31 yaşlı hücumçu meydan sahiblərinin qapısına 3 qol vurmağı bacarıb. Mikelsə qədər buna 4 futbolçu nail olub. Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nforla Teo Uiks Avropa Liqasında fərqləniblər. Mikels bu turnirdə 3-cü het-trikin müəllifi olub. O, buna səfərdə nail olan ikinci oyunçudur.
UEFA Çempionlar Liqası
2000/2001 mövsümü
Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) 4:1 (əlavə vaxtda)
2024/2025 mövsümü
Olavio Juninyo – 30.07.2024. “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) 5:0
UEFA Avropa Liqası
2014/2015 mövsümü
Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” 2:3
2015/2016 mövsümü
Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) 5:1
2025/2026 mövsümü
Coy Lens Mikels – 17.07.2025. “Selye” (Sloveniya) – “Sabah” 3:3 (əlavə vaxtda)
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldova təmsilçisi "Petrokub"la münasibətləri aydınlaşdıracaq. "Sabah" ilk oyunu səfərdə keçirəcək. UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də baş tutacaq.