Cüdoçu Ləman Bağırova beynəlxalq turnirin qalibi olub - FOTOLAR
Ölkəmizdə Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Bakı Avropa Cüdo Ümidləri Turniri keçirilir. Beynəlxalq yarışa 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Uşaq-Gənclər İdman (UGİM) məktəbinin idmançısı Ləman Bağırova 15 yaşadək idmançılar arasında 36 kq çəki dərəcəsi üzrə birinci olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ləman bu nəticə ilə Naxçıvan cüdoçuları arasında beynəlxalq turnir qalibi olan ilk idmançı olub.
Qeyd edək ki, Naxçıvan UGİM yarışda məşqçi Orxan Quliyevin rəhbərliyi ilə 4 oğlan və 1 qız idmançı ilə təmsil olunur. Turnirdə mübarizə davam edir.