Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük üzrə Ukrayna milli komandasının keçmiş üzvü, əməkdar idman ustası və məşqçi Oksana Pismenna ilə əməkdaşlığa başlayıb.
Bu barədə NUHÇIXAN-a ASF-nin mətbuat xidmətindən məlumat verilib.
Məqsəd bədii üzgüçülük növünün ölkədə inkişafı, zamanla milli komandanın formalaşdırılması və beynəlxalq yarışlarda uğurla iştirak etməsidir.
Bundan öncə O.Pismenna Ukrayna, Türkiyə, Fransa, İsveçrə, Cənubi Koreya və Misir milliləri ilə çalışıb. Onun yetirmələri yeniyetmələrdən ibarət millilərdən əsas yığmaya keçməklə yanaşı, dəfələrlə Avropa və dünya çempionları, eləcə də Olimipiya Oyunlarının mükafatçıları olmağı bacarıblar.
Mütəxəssis ASF-nin mətbuat xidmətinə açıqlamasında biliklərin digər nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb:
"Dəyərli biliklərin nəsildən nəsilə ötürülməsi çox vacibdir. Məşqçinin ən vacib xüsusiyyəti onun bilik və təcrübəsini idmançılar və yeni məşqçiliyə başlayanlarla bölüşməsidir. Yalnız o halda idman növümüz inkişaf edərək, məşğul olmaq istəyən idmançılar üçün maraqlı olacaq. İstəyirəm ki, birlikdə böyük uğurlara imza ataq".