Şahmat Federasiyası Kəngərli rayonunda görüş keçirib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, martın 12-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbində müəllimlər, şahmatçılar və valideynlərlə görüşü keçirilmişdir.

Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək demişdir ki, Kəngərli muxtar respublikada ən gənc rayon olmasına baxmayaraq, bu gün burada insanların rahat yaşaması və asudə vaxtlarının səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılmışdır. Bu günlərdə yeni yaşayış binasının sakinlərin istifadəsinə verilməsi Kəngərli rayonuna göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Qeyd olunmuşdur ki, Şahmat Federasiyası hər ay muxtar respublikanın bir rayonunda valideynlər, şahmatçılar və müəllimlərlə görüş keçirir. Məqsəd onların problemlərini, təkliflərini dinləmək, şahmatın inkişafı üçün lazım olan köməkliyi göstərməkdir. Federasiyanın Gənclər və İdman Nazirliyi, rayon İcra hakimiyyətləri ilə birgə tədbirlər planı hazırlanıb, uşaqların şahmata cəlbi yönündə işlər davam etdirilir. Muxtar respublikamızda şahmatın inkişafı üçün hər bir şərait yaradılıb.Lakin buna baxmayaraq, federasiyanın işində müəyyən çatışmazlıqlar da var. Bunları aradan qaldırmaq məqsədilə görüşlər təşkil olunur, təkliflər dinlənilir. Kəngərli rayonunda da şahmatın inkişafı üçün hər bir imkan var, müasir standartlara cavab verən Şahmat Məktəbi  tikilib. Bundan səmərəli istifadə edilməli və istedadlı uşaqlar üzə çıxarılmalıdır.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində 2015-ci ildə rayonda müasir standartlara cavab verən Şahmat Məktəbi inşa edilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının rəhbərliyində dəyişiklikdən sonra bu sahədə xeyli canlanma yaranmışdır. Artıq cari ildə hazırlanan yeni tədbirlər planına uyğun olaraq bir sıra yarışlar təşkil olunub. Ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idmanın inkişafı ilə bağlı tapşırıqlar verilmiş, qarşıya mühüm vəzifələr qoyulmuşdur. Kəngərli Rayon İcra Hakimiyyəti də bu məsələni daim diqqətdə saxlamış, rayonda gənclərin bu sahəyə cəlbi istiqamətində işlər görmüşdür. Etiraf edək ki, işlərimizdə bəzi çatışmazlıqlar var. Çalışacağıq ki, bunları vaxtında aradan qaldıraq və şahmatın Kəngərli rayonunda inkişafına nail olaq.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında qeyd etmişdir ki, əvvəllər rayonlarda şahmatın inkişafı heç də ürəkaçan olmayıb. Lakin Şahmat Federasiyasındakı struktur dəyişikliyi qısa vaxtda bəhrəsini verib. Artıq şəhər və rayonlarda keçirilən yarış və turnirlərin sayı xeyli artıb, eyni zamanda rayonlarda mütəmadi olaraq görüşlər təşkil olunur. Müzakirələrin aparılması, təkliflərin verilməsi və onların vaxtında öz həllini tapması federasiyanın işinə nə qədər məsuliyyətlə yanaşdığının, muxtar respublikada şahmata, onun inkişafına nə qədər önəm verildiyinin göstəricisidir.

Sonra federasiyanın sədr müavini Emin Hacıyev Kəngərli rayonundakı fəal şahmatçılar haqqında məlumat vermişdir.

Federasiya sədri valideyn və idmançılarla söhbət etmiş, onların təkliflərini dinləmişdir. Seymur Talıbov Şərur, Sədərək və Kəngərli rayonları arasında mütəmadi olaraq yarışların təşkil olunması üçün Tədbirlər Planının hazırlanması ilə bağlı tapşırıqlar vermişdir. Vurğulanmışdır ki, yeni tədris  metodları məntiq üzərində qurulub. Uşaqların zehni inkişafında, onların savadlı, istedadlı və sağlam fərd kimi yetişməsində, güclü, iradəli bir insan kimi formalaşmasında şahmatın rolu böyükdür. Uşaqlar şahmata kütləvi şəkildə cəlb olunmalı, buna təkcə oyun kimi yanaşılmamalıdır. Eyni zamanda, yaradılan bu şəraitdən hər kəs istifadə etməlidir, heç kimə məhdudiyyət qoyulmamalıdır.

Daha sonra müəllimlərlə görüşən Şahmat Federasiyasının sədri Seymur Talıbov yaradılan şəraitə baxmayaraq Kəngərli rayonunda şahmatın inkişafı ilə bağlı bəzi çatışmazlıqların olduğunu bildirmişdir. Federasiya sədri demişdir ki, keçirilən yarışda rayon komandası 6-cı olmuşdur. Bu yaxınlarda Astara şəhərində keçirilən seçmə yarışlarda iştirak edən 28 nəfərlik heyətdə cəmi bir Kəngərli rayon şahmatçısı iştirak etmişdir. Həmin idmançı da yarışda uğur qazana bilməmişdir. Müəllimlərlə görüşümüzdə məqsəd sizin fikirlərinizi, təkliflərinizi dinləmək, nöqsanların aradan qaldırılması üçün çıxış yolu tapmaqdır. İlin sonunda hər rayonun nəticəsinə baxılacaq. Əgər bizi qane edəcək nəticə olmazsa, o zaman həmin müəllimlərlə işimizə son verəcəyik.

Diqqətə çatdırılmışdır ki, hazırda muxtar respublikanın bütün orta məktəblərində şahmat dərsləri keçirilir, şahmatçılar, eləcə də müəllimlər üçün hər bir imkan yaradılıb. Bundan səmərəli istifadə edib istedadlı uşaqları üzə çıxarıb şahmat məktəblərinə cəlb etmək lazımdır. Eyni zamanda elektron lövhə vasitəsilə digər məktəblərlə yoldaşlıq görüşləri keçirilməlidir. Şərur-Sədərək-Kəngərli rayonları arasında keçiriləcək yarışlar üçün əlavə fond da ayrılacaq.Məqsədimiz uşaqları şahmata cəlb etməkdir.Bu işdə müəllimlərin üzərinəmühüm vəzifələr düşür. Müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, istedadlı şahmatçıların yetişdirilməsi qayğısına qalmalıdırlar.

Görüşdə Şahmat Federasiyanın sədr müavini Emin Hacıyev vurğulamışdır ki, fedrasiyanın yeni kitabı işıq üzü görəcək və bütün rayon məktəblərinə paylanılacaqdır.

Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Rauf Heydərov və Qarabağlar kənd tam orta məktəbinin müəllimi Tutu Əhmədova yaradılan şəraitə görə Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.

Şahmat Federasiyasının sədri Seymur Talıbov demişdir ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qeyd olunmuş nöqsanların aradan qaldırılması üçün müəllimlərlə tez-tez görüşlər keçiriləcək. Şahmat Məktəbində heç kəsə məhdudiyyət qoyulmamalı, məktəblilərin öz aralarında oyun oynamaları üçün əlavə sinif otaqları hazırlanmalıdır. Cəmiyyətə şahmatı doğmalaşdırmaq lazımdır. Federasiya olaraq biz də keçirilən yarışları, bu cür tədbirləri mətbuatda, sosial şəbəkələrdə işıqlandıraraq şahmatı cəmiyyətə sevdirir, doğmalaşdırırıq. Çünki muxtar respublika rəhbəri tərəfındən idmana hər zaman diqqət, qayğı göstərilir.

Görüşdən sonra federasiya sədri Şahmat Məktəbinin şəraiti ilə tanış olmuş, tapşırıqlarını vermişdir.

"Şərq qapısı"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: