İdman ölkəsi Azərbaycandan dünyaya sülh mesajı - FOTOLAR

A- A A+

Qədim dövrlərdən günümüzədək idman oyunları əzmin, rəqabətin və sülhün simvolu olub. Sülhsevər Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsi ölkəmizin iqtisadi qüdrəti, idman potensialı ilə yanaşı xalqımızın əzmi və tolerantlığının göstəricisidir.  Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilib.  Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə olduğu kimi idmanın inkişafında da müsbət nəticələr əldə edib.

Müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq edən ölkəmizdə sentyabrın 28-dən III MDB Oyunları start götürüb. Dövrümüzün ən güclü həmrəylik simvollarından biri olan idman oyunlarında atletlər 23 idman növü üzrə 505-i qızıl, 505-i gümüş, 684-ü bürünc olmaqla 1694 medal uğrunda mübarizə aparırlar. Bundan əlavə, qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub.

Yarışlar 12 idman məkanında, III MDB Oyunlarının “İdman Paytaxtı” seçilən Gəncə ilə yanaşı daha altı şəhərimizdə – Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndidə keçirilir. On günlük yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin onlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edir.

Oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını göstərir. Beynəlxalq səviyyədə idman ölkəsi kimi nüfuzunu getdikcə möhkəmləndirən Azərbaycanın bölgələrində bu sahənin inkişafı dövlətimizin prioritet istiqamətlərindən biridir. Son illərdə regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır.

Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının xalqımızın şücaət rəmzi olan 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü günlərində keçirilməsi əzmin, qətiyyətin və sülhsevərliyin təntənəsindən xəbər verir. Oyunların təntənəli açılış mərasimində nümayiş olunan kompazisiya qalib bir ölkənin dünyaya ünvanladığı sülh mesajının rəmzinə çevrildi. Açılış tədbirindən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər. Bu görüş səmimiyyətin, dövlət qayğısının, qətiyyətin və dünyaya edilən sülh çağırışlarının təntənəsi oldu.

Hazırda yarışlar davam edir. İdmançılar qələbə uğrunda gərgin mübarizə aparır. Ölkəmizi təmsil edən Azərbaycan idmançıları qətiyyət yarışına çıxıblar. Döyüşlərdə bizə qələbə sevincini yaşadanların davamçıları indi idman arenalarında bayrağımızı ən yüksək və mötəbər kürsülərdə dalğandırmaq uğrunda tər tökürlər. Tolerant və sülhsevər xalqın nümayəndələri olan idmançılarımız digər ölkələrin təmsilçiləri ilə həmrəylik nümayiş etdirirlər.

Bir sözlə, Bakıda yüksək səviyyədə keçirilmiş 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları kimi Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları da qalibiyyətin, sülhün və həmrəyliyin simvolu kimi yadda qalan olacaq. Göründüyü kimi idmançılarımızın istər kütləvi, istərsə də fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir. Bütün bu idman yeniliklərinin davamı olaraq 2026-cı il 24–28 may tarixlərində Bakı beynəlxalq idman ictimaiyyətinin ən nüfuzlu müzakirə platformalarından biri olan SportAkkord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcək. Bu Sammitin ölkəmizdə keçirilməsi isə Azərbaycanın növbəti uğurudur.

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: