Qaradağ rayon məktəbliləri də Naxçıvana yola düşüblər

131

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qaradağ rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün də “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaların növbəti mərhələsi təşkil olunub. Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkəmizin tarixini dərindən öyrənməklə bərabər, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlər, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyəti çox böyükdür. Sayca 11-ci tur-aksiya çərçivəsində Qaradağ rayonundan olan 27 nəfər məktəblinin növbəti dəfə səfəri təşkil olunub.

Qaradağ Rayon İcra Hakimiyyətindən NUHÇIXAN-a bildiriblər ki, martın 15-18-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiya çərçivəsində rayon məktəbliləri Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər.

Martın 15-də Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində tur-aksiyada iştirak edəcək rayon məktəblilərinin yola salınması ilə bağlı görüş keçirilib. Əvvəlcə iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə tər güllər düzüb, dahi rəhbərə hörmət və ehtiramlarını bildiriblər.

Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şagirdlərə turun məqsədi barədə məlumat verib, dövlətimizin başçısı İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Qeyd edilib ki, tur-aksiya zamanı məktəblilərin Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman komplekslərinə, Duz dağına və digər tarixi yerlərə də səfərləri təşkil olunacaq.

Rayon İcra Hakimiyyəti tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayiət edəcək müəllim və həkim heyəti seçilib. Şagirdlər üçün xüsusi geyimlər müəyyən olunub.

Görüşdə çıxış edən valideynlər və müəllimlər məktəblilərə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sonra rayonun Lökbatan qəsəbəsindəki C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi və 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivlərinin hazırladıqları musiqi proqramı təqdim olunub.

Mərasim başa çatdıqdan sonra rayonun ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri Naxçıvana uçmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna yola salınıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda şagirdlər Novruz Bayramı münasibətilə təşkil edilmiş konsert proqramını izləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: