Bakıda amputant futbolu üzrə Millətlər Liqası oyunlarının açılış mərasimi keçirilib - VİDEO
Bakının ev sahibliyi etdiyi amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının açılış mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, “ASCO Arenada” təşkil olunan tədbirdə Ukrayna, İsrail, Niderland, Belçika və Azərbaycan komandaları dövlət bayraqları ilə meydana daxil olublar.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov oyunların Azərbaycanda keçirilməsinin olduqca qürurverici hadisə olduğunu söyləyib: “Çünki amputant futbolu son dövrlərin mühüm trendlərindən biridir. Bu turnir minadan zərərçəkənlərin həyata bağlılığının artırılması istiqamətində çox böyük rol oynayacaq. ANAMA minadan zərərçəkmiş şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində AFFA ilə sıx əməkdaşlıq edir. Əlilliyi olan və minadan zərər çəkmiş insanlar üçün amputant futbolunun çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan mina terrorunun nəticələrindən ən çox zərər çəkmiş ölkələrdəndir. Torpaqlarımıza 1 milyondan çox mina basdırılıb. İndiyədək 409 nəfər mina qurbanı olub, onlardan 71 nəfər həyatını itirib”.
Avropa Amputant Futbol Federasiyasının (AAFF) prezidenti Mateuş Vidlak isə Bakı şəhərində olmaqdan məmnunluğunu ifadə edib: “AAFF bu il Millətlər Liqasını dörd fərqli ölkədə 18 milli komandanın iştirakı ilə keçirir. Biz artıq Türkiyə və İspaniyada keçirilən turnirlərdən qayıtmışıq. Hazırda Azərbaycandayıq, son mərhələ isə Rumıniyada olacaq. Bütün bunlar amputant futbolunun inkişafında mühüm addımdır. Hər il daha çox ölkə, oyunçu, gənc, qadın futbolçu və azarkeş bu ailəyə qoşulur”.
Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. “Kəlağayı” rəqs qrupu tərəfindən ənənəvi rəqs şousu təşkil olunub.
Turnirin açılış oyunu bu gün Azərbaycan və Belçika yığmaları arasında keçiriləcək və saat 13:00-da start götürəcək.
Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.