Ordubad komandasının atletləri ölkə çempionatında yeni uğurlar qazanıb - FOTOLAR
Cəlilabad rayonunda kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikasını Ordubad rayon komandasından 6 idmançı təmsil edib. Komanda üzvləri 1-i qızıl, 2-si gümüş və 1-i bürünc olmaqla, ümumilikdə 4 medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təmsilçilərimizdən ən yüksək nəticə Namiq Babayevə məxsusdur. O, 2 km məsafədə bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb və qızıl medalın sahibi olub. Komandası ilə məşqçi və idmançı qismində yarışda iştirak edən təcrübəli atlet Əmrah Nağıyev isə 10 km məsafə üzrə gümüş medalçı olub. Nəticələr baxımından daha bir sevindirici məqam komandadakı qızların ilk medal sevinci yaşaması olub. Belə ki, Aysel Hüseynova 1 km məsafədə gümüş, Aylin Bədəlli isə 2km məsafədə bürünc medal qazanmağa müvəffəq olublar.