Naxçıvanda gənclərin hərbçilərlə ənənəvi görüşləri davam etdirilir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə hərbi hissələrdən birində gənclərin zabit və əsgərlərlə növbəti görüşü keçirilib.
Tədbirdə hərbi hissənin zabiti mayor Coşqun Cəfərov çıxış edərək Azərbaycan Ordusunun bu gün regionun ən güclü və peşəkar silahlı qüvvələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar nəticəsində ordumuzun döyüş hazırlığı, texniki təminatı, idarəetmə strukturu və şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksək pilləyə yüksəlib. Mayor hərb sənətinə yiyələnməyin gənclərə verdiyi mənəvi-psixoloji üstünlüklərdən danışaraq, Azərbaycan əsgərinin qətiyyət, iradə və peşəkarlıq nümunəsi olduğunu diqqətə çatdırıb.
Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxışında qeyd edib ki, gənc nəslin vətənpərvər ruhda böyüdülməsi, azərbaycançılıq ideologiyasına və milli dövlətçilik prinsiplərinə sədaqətinin möhkəmləndirilməsi gənclər siyasətinin əsas istiqamətlərindəndir. O bildirib ki, Nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə bu istiqamətdə müxtəlif layihələr icra olunur və tədbirlər planı ardıcıllıqla həyata keçirilir.
Görüş çərçivəsində gənclər əvvəlcə hərbçilərimizin əlbəyaxa döyüş və fiziki hazırlıq elementlərindən ibarət nümunəvi çıxışlarını xüsusi maraqla izləyiblər. Daha sonra hərbi texnika və sursatlara baxış təşkil olunub və silahların texniki xüsusiyyətləri barədə geniş məlumat verilib.
Tədbirdə həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində gənclərin hərbçilər üçün yazdıqları məktublar əsgərlərə təqdim olunub. Sonda isə iştirakçılar musiqi sədaları altında birgə rəqs ediblər.