Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar - FOTOLAR

A- A A+

Mərkəzi Ordu İdman Klubunun komandası çempionatı 2-si qızıl, 3-ü gümüş, 6-sı bürünc olmaqla 11 medalla başa vurub

Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının sonuncu günündə - mayın 19-da Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) üç idmançısı medallar uğrunda mübarizə aparıb.

NUHÇIXAN xəbər verir ki, hərbçi idmançılarımızdan Həsən Əliyev (77 kq) qızıl, Rafiq Hüseynov (82 kq) və İslam Abbasov (87 kq) bürünc medal uğrunda yarışıblar.

Final görüşündə rusiyalı idmançı Çingiz Labazanov ilə qarşılaşan Həsən Əliyev rəqibini 5:2 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Bu, Həsən Əliyevin ikinci dünya çempionluğudur. İdmançımız ilk dəfə 2016-cı ildə Makedoniyada dünya çempionu adını qazanıb.

Rafiq Hüseynov (82 kq) bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi R.Şvarts üzərində 5:2 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

İslam Abbasov da üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi ilə qarşılaşıb. Qarşılaşmada yüksək peşəkarlıq nümayiş etdirən İ.Abbasov rəqibi M.Remenspergeri böyük hesabla (8:1) məğlubiyyətə uğradaraq çempionatın bürünc medalını MOİK komandasının aktivinə yazdırıb.

Beləliklə, MOİK-in komandası hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatını 11 medalla başa vurub. Medallardan 2-si qızıl, 3-ü gümüş, 6-sı isə bürüncdür.

Dünya çempionatında 22 ölkədən 350-dən çox idmançı iştirak edib. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçıları olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: