Naxçıvanda voleybol üzrə "Zəfər Kuboku" turnirinə start verilib - FOTOLAR
Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Kuboku” uğrunda voleybol turnirinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı tərəfindən birgə təşkil olunan yarış 5 turdan ibarətdir. A və B qrupları üzrə ümumilikdə 10 komanda növbəti mərhələyə vəsiqə üçün mübarizə aparır. Qrup mərhələsinin görüşləri Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilir.
A qrupunda Naxçıvan Şəhər İcra Hakimiyyəti, Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyinin komandaları yer alıb. B qrupunda isə Naxçıvan Regional “ASAN Xidmət” Mərkəzi, Ali Məhkəmə, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivləri mübarizə aparırlar.
Qeyd edək ki, hər qrupda 1-ci və 2-ci yerlərin sahibləri yarımfinalda iştirak hüququ əldə edəcəklər.