Naxçıvan Muxtar Respublikası Gənclər və İdman , Təhsil Nazirliklərinin, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında velosiped idman növü üzrə "Heydər Əliyev kuboku" uğrunda muxtar respublika birinciliyinə yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Cabbarov ,Naxçıvan Muxtar Respublikası Təhsil naziri Məmməd Qəribov və Hava və Eksterimal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Birincilikdə şəhər və rayon komandalarından ümumillikdə 60 idmançı iştirak edib. Muxtar respublika stadionunda keçirilən yarışda idmançılar 500 metrlik məsafədə yarışıblar. Reqlamentə əsasən təyin olunmuş məsafəni ən tez qət edən idmançılar mükafata layiq görlüblər. Maraqlı keçən yarışın sonunda 37.15 saniyəlik göstərici ilə Şərur rayon idmançısı Emin Rəsulov bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub. 38.21 saniyə ilə finişə çatan Kəngərli rayon məktəblisi Hüseyn Cəfərov ikinci, rayonun digər idmançısı 39.3 saniyəlik nəticə ilə Seymur Seyidov isə üçüncü pillədə qərarlaşıb.
Yarışın nəticələrinə əsasən komanda hesabında I yerə Kəngərli rayonu, II yerə Şərur rayonu, III yerə isə Naxçıvan şəhərinin komandaları layiq görülüb. Qaliblərə Təhsil, Gənclər və İdman Nazirliklərinin diplomları, Hava və Eksterimal İdman Növləri Federasiyasının kubok və hədiyyələri təqdim edilib.