İstanbul Respublika Baş Prokurorluğu mərc oyunları ilə bağlı aparılan istintaqı davam etdirir.
NUHÇIXAN xəbər verir ki, hakim Zorbay Küçük və futbol şərhçisi Ahmet Çakarın həyat yoldaşı da saxlanılıb.
Tutulanlar arasında “Adana Dəmirspor” klubunun keçmiş prezidenti Murat Sancak, ”Nazilli Bələdiyyəspor”un rəhbəri Şahin Kaya və iki məşqçi, “Ankaraspor”un sahibi Ahmet Okan, prezidenti Mehmet Emin Katipoğlu da var.
Mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində daha əvvəl keçmiş hakim Ahmet Çakarın özü, “Fənərbağça”nın yarımmüdafiəçisi Mərt Hakan Yandaş və “Qalatasaray”ın futbolçusu Metehan Baltacı da saxlanılıb.
11:45
İstanbul Respublika Baş Prokurorluğu mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində bu gün səhər saatlarında əməliyyat keçirib.
NUHÇIXAN yerli mətbuata istinadla xəbər verir ki, çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb. Hələlik həmin şəxslərin adları açıqlanmayıb.
İstintaq zamanı bəzi idman şərhçilərinin də saxlanıldığı bildirilib.
Daha əvvəl hakimlərlə yanaşı, Superliqa və I Liqadan ümumilikdə 102 futbolçu mərc oyunlarında iştiraka görə diskvalifikasiya edilib.
Cəzalandırılanlar arasında “Galatasaray” və “Trabzonspor”un futbolçuları da var. İstanbul klubundan Metehan Baltacı 9 ay, Eren Elmalı isə 45 gün futboldan uzaqlaşdırılıb. “Trabzonspor”dan isə Boran Başqan 3 ay, Salih Malkoçoğlu 45 günlük cəza alıb.
Həmçinin Azərbaycan millisinin sabiq futbolçusu, “Neftçi” və “Səbail”in formasını geyinmiş Mert Çelik də 45 günlük diskvalifikasiya edilib.
