Naxçıvanda Beynəlxalq Könüllülər Günü münasibətilə mükafatlandırma tədbiri keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə könüllü gənclərin iştirakı ilə müxtəlif tədbirlər – intellektual oyunlar, motivasiya təlimi, Əlincə qalasına ekskursiya və Vətən müharibəsi iştirakçıları ilə görüşlər həyata keçirilib. Tədbirlərin yekunu olaraq Naxçıvan şəhərində könüllülərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ölkəmizdə könüllülük sahəsinə göstərilən dövlət dəstəyindən, bu nəcib mexanizmin gənclərə verdiyi faydalardan, ümumilikdə, Azərbaycanda könüllülük hərəkatının keçdiyi inkişaf yolundan bəhs edib, könüllülüyü gənclərin fəallığının, vətəndaş məsuliyyətinin və sosial təşəbbüskarlığın mühüm göstəricisi kimi qiymətləndirib.
Nazir müavini bildirib ki, muxtar respublikada həyata keçirilən könüllülük fəaliyyətləri sistemli, planlı və nəticəyönümlü şəkildə həyata keçirilir, bu sahədə gənclərin iştirakı ildən-ilə daha da genişlənir. Gənclər və İdman Nazirliyi könüllülərlə işin təşkilinə xüsusi önəm verir, könüllülüklə məşğul olan gənclərin şəxsi və intellektual inkişafı, karyera imkanlarının artırılması, dünyagörüşünün zənginləşdirilməsi istiqamətində davamlı işlər icra edir. Əlavə olunub ki, Beynəlxalq Könüllülər Günü çərçivəsində keçirilən tədbirlərin məqsədi yalnız gənclərin asudə vaxtını səmərəli təşkil etmək deyil, həm də onların cəmiyyətə daha aktiv inteqrasiyasını təmin etməkdir. Nazir müavini gənclərə fəaliyyətlərində uğurlar arzulayaraq onların sosial təşəbbüslərdə daha da fəal olacaqlarına inamını ifadə edib.
Tədbirdə, həmçinin könüllü gənc Dilsuz Zeynallı çıxış edərək könüllülük fəaliyyətinin şəxsi inkişafdakı rolundan, gənclərə qazandırdığı dəyərlərdən danışıb və təşkil edilən tədbirlərə görə minnətdarlığını bildirib.
Yekun mərasim çərçivəsində həftə ərzində təşkil olunan yarışların qalibləri, o cümlədən 2025-ci il ərzində müxtəlif dövlət qurumlarında aktiv könüllülük fəaliyyəti ilə seçilən gənclər diplom və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları nazir müavini Məcid Seyidov təqdim edib.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.