Naxçıvanda idman və ictimai həyatda fərqlənən qabaqcıl gənclər mükafatlandırılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə və “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş mükafatlandırma mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, tədbirdə muxtar respublikanın ictimai həyatında, yaradıcılıq və idman sahələrində il ərzində fərqlənən istedadlı gənclər və yüksək nəticələr əldə etmiş idmançılar təltif olunublar.
Mərasim Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov çıxış edərək bildirib ki, ölkəmizdə gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu siyasət gənclərin potensialının üzə çıxarılmasına, onların ictimai, sosial və idman həyatında fəal iştirakına geniş imkanlar yaradır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında gənclərlə iş və idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər sağlam, vətənpərvər və fəal gəncliyin formalaşmasına mühüm töhfə verir. Cari il ərzində gənclər və idman siyasətinin əsas istiqamətləri üzrə ümumilikdə 425 tədbir keçirilib. Bu tədbirlərdən 269-u gənclər, 156-sı isə idman sahəsini əhatə edib və 20 minədək gənc bu tədbirlərin iştirakçısı olub.
Bildirilib ki, bir çox Naxçıvan gənci ölkə üzrə qrant müsabiqələrinin qalibi olaraq muxtar respublikada uğurlu layihələr həyata keçirib. Nazirliyin dəstəyi ilə könüllülər respublika daxilində və xaricdə təşkil olunan düşərgə və mübadilə proqramlarında iştirak edərək yeni bilik və təcrübələr qazanıblar. İdmançılar isə cari ildə ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış ediblər. Belə ki, Naxçıvan idmançıları ölkə, Avropa, dünya və beynəlxalq yarışlarda 197 qızıl, 129 gümüş və 117 bürünc medal olmaqla, ümumilikdə 443 medal əldə ediblər. İdmançılardan 2-si dünya, 87-si beynəlxalq turnir qalibi, 106-sı isə Azərbaycan çempionu adını qazanıb.
Çıxışda, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində görülən işlərə də toxunulub. Bildirilib ki, hazırda Naxçıvan şəhəri və muxtar respublikanın şəhər və qəsəbələrində 19 ünvanda açıq hava idman qurğuları əhalinin istifadəsinə verilib. Bununla yanaşı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə “Sağlam məhəllə” layihəsi Babək, Culfa və Şahbuz şəhərlərində həyata keçirilir, digər regionlarda da idman obyektlərinin yaradılması planlaşdırılır.
Tədbir çərçivəsində 73 gənc və idmançı müxtəlif nominasiyalar üzrə plaketlərlə mükafatlandırılıb. Onların sırasında idmançılar, fəal gənclər, media və mədəniyyət nümayəndələri, təhsil sahəsində xüsusi nailiyyətlər əldə etmiş şagird və tələbələr, eləcə də ictimai fəaliyyəti ilə seçilən gənclər yer alıb.
Mükafatlar Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov tərəfindən təqdim olunub.
Mərasim gənc ifaçıların təqdim etdiyi musiqi nömrələri ilə davam edib və xoş bayram ovqatı ilə yekunlaşıb.