Güləş üzrə seçmə komandalarımız aprelin 8-dən 14-dək Buxarestdə keçiriləcək Avropa çempionatında çıxış edəcək. Bununla əlaqədar martın 29-da millilərimizin qitə birinciliyində iştirak edəcək heyətləri açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, aprelin 8-10-da mübarizəyə sərbəst güləşçilər start verəcəklər. Baş məşqçi Saypulla Absaidovun və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Azərşakib Seyidməhəmmədrza (125 kq) qüvvələrini sınayacaqlar.
Aprelin 10-12-də xalça üzərinə qadın güləşçilər çıxacaqlar. Qadınların yarışında baş məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun tapşırıqlarını Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (75 kq) yerinə yetirməli olacaqlar.
Aprelin 12-14-də isə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaqlar.
Çempionatda yarışların idarə olunmasında ölkəmizi rekord sayda - Olimpiya kateqoriyalı dörd hakim təmsil edəcək. Buxarestdə Hicran Şərifov, Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev ədaləti qoruyacaqlar.