Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 20 Yanvar faciəsinin 36-cı mildönümünə həsr olunmuş şahmat birinciliyi keçirilib. Naxçıvan Şahmat Mərkəzində reallaşan yarışda 40 iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarışa start verilib. Birincilik İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Nəticələrə əsasən Müslüm Abbasov 6 xalla kişilər arasında birinci olub. Eyni xala malik Yunis Xəlilov əmsal baxımından ikinci yerə layiq görülüb. Mətləb Məhərrəmli 5.5 xalla üçüncü yerə sahib çıxıb. Qadınlarda isə Çinarə Rzayeva (5 xal) birinci olub. Aytac Mahmudova (3.5 xal) və Nurcahan Məmmədova (3.5 xal) yarışı müvafiq olaraq ikinci, üçüncü yerlərdə tamamlayıblar.
İlk üç yerin sahiblərin diplom, medal və hədiyyələr, o cümlədən ilk beşliyə daxil olan digər iştirakçılara fəxri fərmanla mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov təqdim edib.
Sonda nazir müavini iştirakçıları təbrik edərək vurğulayıb ki, bu cür yarışların təşkili dövlət qurumlarında çalışan əməkdaşların zehni və intellektual inkişafı, sağlam həyat tərzinə təşviqi baxımından əhəmiyyətlidir.