Futbol üzrə İspaniya çempionatının sonuncu turunun yekun oyununda "Barselona" doğma meydanda "Real Sosyedad" klubunu qəbul edib.
NUHÇIXAN xəbər verir ki, "Nou Kamp" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi Filip Koutinyo olub.
Digər oyunda “Real Madrid” klubu səfərdə “Vilyarreal” ilə qarşılaşıb. Oyunun 11-ci dəqiqəsində kral klubu hesabı açıb. Qaret Beyl adını tabloya yazdırıb - 0:1. Qarşılaşmanın 32-ci dəqiqəsində Kriştiano Ronaldo cari mövsümdə 26-cı dəfə fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb - 0:2. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra irəli atılan meydan sahibləri oyunun 70-ci dəqiqəsində Roxer Martinezin qolu ilə hesab arasındakı fərqi azaldıblar - 1:2. Oyunun əsas vaxtına beş dəqiqə qalmış ev sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Künc zərbəsindən sonra Samuel Kastilexo dəqiq zərbə ilə oyunda son nöqtəni qoyub - 2:2. “Estadio de la Keramika” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Beləliklə "Barselona" klubu çempionatın qızıl, "Atletiko Madrid" gümüş, "Real Madrid" isə bürünc medalını qazanıblar.
Turun digər oyunlarında nəticələr:
"Selta" - "Levante" - 4:2
"Leqanes" - "Real Betis" - 3:2
"Las Palmas" - "Girona" - 1:2
"Malaqa" - "Xetafe" - 0:1
"Sevilya" - "Alaves" -1:0
"Valensiya" - "Deportivo" - 2:1
"Atletiko Bilbao" - "Espanyol" - 0:1
"Atletiko Madrid" - " Eybar" - 2:2.