Karate üzrə Azərbaycan millisi Avropa çempionatını bir qızıl, bir gümüş və iki bürünc medalla başa vurub - FOTOLAR

A- A A+

Karate üzrə Azərbaycan milli komandası İspaniyanın Qvadalaxara şəhərində keçirilən Avropa çempionatını bir qızıl, bir gümüş və iki bürünc medalla başa vurub.

Azərbaycan Milli Karate Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, parakarate yarışlarında gözdən əlil idmançılar kateqoriyasında Sahib Əhədov Avropa çempionu adını qazanıb. Fərdi kumite yarışlarında Rafael Ağayev (75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) isə bürünc medallara sahib olublar. Millimizin aktivinə növbəti bürünc medalı Roman Heydərov (kata) yazdırıb.

İdmançılarımızdan Nuranə Əliyeva (50 kq), İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandamız bürünc medal uğrunda görüşdə qələbəni əldən verib. Rafiz Həsənov (67 kq) və Ayxan Mamayev (84 kq) təsəlliverici döyüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

Bu yarışda mərhələ adlayan idmançılarımız dünya reytinq cədvəli ilə yanaşı, II Avropa və XXXII Yay Olimpiya Oyunlarına lisenziyalar üçün reytinq xallarını artırıblar. “Minsk 2019”a vəsiqə qazanan karateçilərin siyahısı yaxın günlərdə açıqlanacaq. Böyüklərin 54-cü Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edib. Azərbaycan medal qazanan 26 ölkə arasında onuncu yeri tutub.

Qitə çempionatının sonunda təşkilatçı ölkə kimi İspaniya Karate Federasiyasının prezidenti Antonio Marquenyo və Avropa Karate Federasiyasının (EKF) birinci vitse-prezidenti Jiri Bocek, EKF-in bayrağını 2020-cu ildə 55-ci Avropa çempionatının keçiriləcəyi Azərbaycanın nümayəndə heyətinə təqdim ediblər.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in icraiyyə komitəsinin üzvü Yaşar Bəşirov mərasimdə EKF-in bayrağını qəbul edib.

Xatırladaq ki, növbəti qitə çempionatı gələn ilin martında Bakıda təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: