Gənclər ölkənin həm bu günü, həm də sabahıdır

A- A A+

Cəmiyyətin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin fəaliyyəti bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri ölkəmizin ən qiymətli sərvətidir. Müasir dövrdə hər bir dövlətin inkişaf strategiyasında gənclərin rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövləti gənclər siyasətində uğurlu model yaratmaqla regionda fərqlənir, ölkəmizin gələcəyini sağlam təməllər üzərində qurur.

Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Son illərdə gənclərin inkişafı üçün geniş infrastruktur yaradılmış, Gənclər evləri, Olimpiya İdman Kompleksləri, idman qurğuları, yaradıcılıq və innovasiya məkanları istifadəyə verilmişdir. Bu məkanlar gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və bacarıqlarının inkişafı baxımından mühüm rol oynayır. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət gənclərin sosial, iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları, strateji və innovativ layihələr, ümumilikdə gənclərə göstərilən etimad sayəsində gənc nəslin təhsil imkanları, karyera yüksəlişi, və hərtərəfli inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Bu, yalnız müasir və çevik yanaşmanın nəticəsi deyil, həm də gənclərin potensialını tam reallaşdırmaq üçün dövlətin göstərdiyi inamın göstəricisidir. Azərbaycan gənci dövlətin sosial dayağı, intellektual potensialı və strateji inkişaf resursudur. Bu mənada gənclərlə iş sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş, gənclərin hüquq və maraqlarının qorunması, onların bilik və bacarıqlarının artırılması, cəmiyyətə inteqrasiyası üçün ardıcıl və kompleks tədbirlər həyata keçirilmişdir.

Dövlət proqramları çərçivəsində gənclərin məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunması, startap və innovativ ideyalarının dəstəklənməsi istiqamətində mühüm layihələr icra olunur, startap ekosistemi dəstəklənir, innovativ layihələrə investisiyalar qoyulur. Bu, gənclərin yalnız peşə bacarıqlarını inkişaf etdirməsinə deyil, həm də ölkədə iqtisadi fəallığa qoşulmasına imkan yaradır. Məsələn, regional mərkəzlərdə yaradılan təhsil və innovasiya mərkəzləri gənclərə bilik və bacarıqlarını artırmaqla yanaşı, onların liderlik potensialını da gücləndirir.Gənclər üçün təqaüd və mükafat sistemlərinin genişləndirilməsi, xaricdə və ölkə daxilində təhsil imkanlarının artırılması, könüllülük hərəkatının təşviqi gənclərin fəallığını daha da gücləndirmişdir. Gənclərin sosial müdafiəsi də xüsusi diqqət mərkəzindədir. Təqaüdlər, sosial paketlər, ixtisaslaşmış təlimlər və mentorluq proqramları onların cəmiyyətdə fəal iştirakını təmin edir. Ölkəmizdə gənclər təşkilatlarının dəstəklənməsi, könüllülük hərəkatının genişləndirilməsi gənclərin vətəndaş məsuliyyətini və sosial mövqeyini gücləndirir.

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanda vətənpərvər, sağlam düşüncəli və gələcəyimizi etibar edə biləcəyimiz gənc nəsil yetişib. Azərbaycan gəncləri ölkəmizin ərazi bütövlüyünün bərpasında, Vətən müharibəsində və sonrakı quruculuq proseslərində də öz vətənpərvərliyi, fədakarlığı və yüksək mənəvi keyfiyyətləri ilə tarix yazmışdır. Bu gün gənclərimiz azad edilmiş ərazilərin bərpasında, Böyük Qayıdış prosesində fəal iştirak edir, yeni və daha güclü Azərbaycanın qurulmasına töhfələr verirlər.

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclər siyasətinə önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırıb. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər gənc nəslə qayğısını əsirgəməyib. Dövlət başçısı kimi həm ulu öndər Heydər Əliyev, həm də cənab İlham Əliyev tərəfindən müxtəlif illərdə gənclərlə bağlı qanunlar qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır ki, bu da gənc nəslin hərtərəfli inkişafı üçün atılan ən mühüm addımlardan biridir.  İnkişafdan danışarkən əlbəttə ki, dövlət proqramlarını xüsusi qeyd etməliyik. Azərbaycan gəncliyi ilə bağlı qəbul olunana arıdıcıl dövlət proqramlarının (2005-2009, 2011-2015, 2017-2021) uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün “Prezident Mükafatı”nın təsis edilməsi, gənclər forumlarının keçirilməsi gənc nəslin hərtərəfli inkişafını stimullaşdırıb. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açmış oldu. Dövlət Proqramı çərçivəsində minlərlə gəncə dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq imkanı verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inam ifadə edərək bildirib ki, “hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır: Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır”.

Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlib, onların idarəetmədəki rolu artıb. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə qürurla yüksəlir. Müxtəlif xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Gənclik gördüyü işlə, qazandığı nailiyyətlərlə ölkəmizin daha da inkişaf etdirilməsinə töhfə verir. Bu gün hər kəsə yaxşı məlumdur ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda da, daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Ölkəmizdə sağlam gənclik yetişib. Sağlam gənclik isə sağlam nəsil deməkdir. Bu gün tam əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycanda dövlətin diqqət və qayğısı sayəsində yetişən sağlam gənclik ölkəmizdə bütün sahələrdə fəallıqları ilə seçilirlər.

Bu gün ölkə gəncliyinin aktiv bir qolu olan Naxçıvan gəncliəri də öz enerjisi, bilik və təşəbbüskarlığı ilə cəmiyyətdə mühüm yer tutur. Son illərdə yaradılan imkanlar gənclərin potensialını üzə çıxarmağa, onları cəmiyyətin fəal üzvünə çevirməyə xidmət edir. Gənclər evləri, müasir idman qurğuları, təlim və inkişaf proqramları gənclərin ideyalarına açıq platforma rolunu oynayır. Naxçıvanda gənclərin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. İntellektual yarışlar, forumlar, könüllülük proqramları, sosial layihələr gənclərin ictimai fəallığını artırır, onların liderlik və təşkilatçılıq bacarıqlarını formalaşdırır. Gənclər artıq təkcə tədbirlərin iştirakçısı deyil, eyni zamanda təşəbbüskarına çevrilir. Muxtar respublikada idman sahəsində yaradılan şərait diqqətəlayiqdir. Müasir idman mühiti minlərlə gəncin sağlam həyat tərzinə cəlb olunmasına imkan yaradır. Bu imkanların nəticəsidir ki, Naxçıvanın gənc idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edir, mühüm göstəricilərə nail olurlar. İdmançılar Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, yüksək nailiyyətlər qazanırlar. Gənclərin məşğulluğu və sosial rifahı da daim diqqət mərkəzindədir. Peşə hazırlığı kursları, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, özünüməşğulluq proqramları gənclərə gələcəyini burada – Naxçıvanda qurmaq imkanı verir. Bu yanaşma regionda gənclərin potensialından səmərəli istifadə olunmasına şərait yaradır. Xüsusi vurğulanmalıdır ki, Vətən müharibəsi dövründə Naxçıvan gəncləri də həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq göstərmişdir. Bu gün həmin gənclər sülh və quruculuq şəraitində ölkənin inkişafına, milli birliyin möhkəmlənməsinə töhfə verməkdə davam edirlər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvanda həyata keçirilən layihələrin əsas məqsədi gəncləri milli-mənəvi dəyərlərə bağlı, müasir düşüncəli, təşəbbüskar və sağlam ruhlu vətəndaşlar kimi yetişdirməkdir. Bu istiqamətdə görülən işlər gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə xidmət edir.

Bu gün Naxçıvanda yetişən gənc nəsil sabahın məsuliyyətini daşımağa hazırdır. Onların enerjisi, bilik axtarışı və vətənpərvərliyi bütövlükdə Azərbaycanın parlaq gələcəyinin əsas təminatıdır.

Ulu öndərin həmişə etibar etdiyi Azərbaycan gəncliyi praqmatik dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün xarüqələr yaradır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha bu həqiqəti ortaya qoyur ki, hər bir vətənpərvər, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın daha da güclənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir.

Əminik ki, Azərbaycan gəncliyi bundan sonra da dövlətə və milli dəyərlərə sadiq qalaraq, müasir bilik və bacarıqlara yiyələnəcək, ölkəmizin davamlı inkişafında mühüm rol oynayacaqdır. Gənclərimizin enerjisi, intellekti və fəallığı müasir Azərbaycanın ən güclü kapitalıdır.

 

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, “Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı” ictimai Birliyinin  sədri
Məcid Seyidov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: