Bakı Boks Mərkəzində təşkil olunan “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, 10 çəki dərəcəsi üzrə keçirilən turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan millilərinin 117 idmançısı qüvvəsini sınayıb.
Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirməsi Tayfur Əliyev də mübarizə aparıb. Dəri əlcək sahibimiz 56 kiloqram çəki dərəcəsində rinqə çıxıb. Həlledici görüşə kimi bütün rəqiblərini üstələyən boksçumuz final görüşündə Qazaxıstan idmançısı Orazbek Assilkulovla qarşılaşıb. Bu görüşdə də rəqibini 5:0 hesabı ilə məğlub edən Tayfur Əliyev turnirin qızıl medalını qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması turnirdə 4 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb.
Sonda qalib idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.