AZƏRBAYCAN GƏNCLİYİ: MÜASİR DÖVLƏTÇİLİYİN VƏ PARLAQ GƏLƏCƏYİN TƏMİNATI

A- A A+

Gənclər cəmiyyətin hərəkətverici qüvvəsidir

Elmi-texnoloji tərəqqinin sürətləndiyi, qlobal rəqabətin dərinləşdiyi bir şəraitdə gənclərin intellektual səviyyəsi, sosial fəallığı və milli maraqlara bağlılığı hər bir ölkənin gələcək mövqeyini müəyyən edən başlıca amillər sırasındadır. Təsadüfi deyil ki, müasir dövrün çağırışları fonunda gənclik cəmiyyətin dinamik inkişafının əsas hərəkətverici qüvvəsi olmaqla, milli dövlətçilik ənənələrinin varisliyini və gələcək yüksəlişini şərtləndirən strateji insan kapitalı rolunda çıxış edir. Bu baxımdan, Azərbaycanda gəncliyin yaradıcı fikirlərinin dövlət maraqları ilə uzlaşdırılması, onların innovativ təşəbbüslərinin dəstəklənməsi və idarəetmə mexanizmlərinə inteqrasiyasının təmin olunması milli genofondun qorunmasından müasir çağırışlarla ayaqlaşan insan kapitalının formalaşmasına qədər ardıcıl və məqsədyönlü dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış edir.

 

2 Fevral- Gənclər Günü Ulu Öndərin Azərbaycan gəncliyinə ən böyük ərmağanıdır

Bu gün Azərbaycan gəncliyi tarixi sınaqların formalaşdırdığı məsuliyyətli mövqe, dövlətçilik ənənələrinə sədaqət və milli özünüdərki xarakterik keyfiyyətlərinə çevirərək müasir çağırışlara cavab verən, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm rol oynayan aparıcı qüvvə kimi tarixi missiyanı davam etdirir. Bu mənada milli dövlətçilik ideyalarına bağlılıq, müstəqilliyin qorunması və möhkəmləndirilməsi, xalqın azadlıq və suverenlik arzularının reallaşdırılması Azərbaycan gəncliyinin üzərinə düşən fundamental vəzifələrdir. Sözsüz ki, bu vəzifələrin uğurla həyata keçirilməsi üçün gəncliyin təşkilatlanması, onların təhsil və intellektual inkişafının təmin olunması, dövlət idarəçiliyi və sosial sahələrdə fəal iştirakı hələ Ulu Öndər Heydər Əliyevin Respublikamıza I rəhbərlik dövründə formalaşdırmağa başladığı dövlət gənclər siyasətinin prioritetləri əsasında mümkün olmuşdur. Hələ keçən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyev gənclərin ideoloji və peşəkar hazırlığının strateji əhəmiyyətini dərk edərək, onların təhsil imkanlarının genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atdı. Onun təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc SSRİ-nin aparıcı ali təhsil müəssisələrinə, o cümlədən Moskva, Sankt-Peterburq, Kiyev və digər nüfuzlu şəhərlərdəki institut və universitetlərə göndərildi. 1970-1985-ci illər ərzində bu istiqamətdə atılan addımlar nəticəsində minlərlə gənc ali təhsil alaraq iqtisadiyyat, idarəetmə, elm və texnologiya sahələrində ölkənin inkişafına töhfə verdi, onların intellektual potensialını dövlətin strateji hədəfləri ilə uzlaşdırdı. Azərbaycanın gələcək müstəqillik yolunda etibarlı sosial dayağın formalaşmasına, azadlıq ideyalarının cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə səbəb oldu. Bu mənada Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə əsasını qoyduğu gənclər siyasəti sonradan xalqımızın müstəqillik mübarizəsində və milli dövlətçiliyin bərpasında həlledici amillərdən biri kimi tarixə düşdü.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da Ulu Öndər Heydər Əliyev gənclər məsələsinə xüsusi həssaslıqla yanaşaraq bu sahəni dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb ictimai-siyasi və iqtisadi çətinliklər fonunda gənclərin ideoloji baxımdan boşluqda qalmasının qarşısının alınması, onların milli maraqlar ətrafında səfərbər edilməsi strateji zərurət kimi qarşıya qoyuldu. Bu mərhələdə gənclərin pərakəndə sosial təbəqədən vahid məqsədlərə xidmət edən mütəşəkkil ictimai qüvvəyə çevrilməsi əsas hədəf idi. Məhz bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Ardınca, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. 2 fevral 1996-ci ildə keçirilən ilk forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı. Ulu Öndərin atdığı bu addım MDB və Şərqi Avropa məkanında yeganə addım olmaqla bərabər, bu istiqamətdə digər dövlətlər üçün də nümunəvi xarakter daşıdı. Qeyd edilməlidir ki, bu addım beynəlxalq miqyasda oxşar təşəbbüslərdən daha əvvəl atılmış, yalnız sonradan – 1998-ci ildə keçirilmiş gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyələri əsasında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 Avqust Beynəlxalq Gənclər Günü kimi təsbit edilmişdir.

1999-cu il martın 2-də keçirilmiş Azərbaycan Gənclərinin II Forumunda çıxış edən Ulu Öndər Heydər Əliyev gənclərin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakının təmin olunmasının vacibliyini xüsusi vurğulamış, dövlət qurumlarını gəncləri narahat edən məsələlərin həllinə diqqəti artırmağa çağırmışdır. Onun forumda səsləndirdiyi “XXI əsr gənclərin əsridir” fikri gənclərə olan böyük etimadın, eyni zamanda onların üzərinə düşən tarixi məsuliyyətin konseptual ifadəsi kimi yadda qalmışdır.

Elə həmin ildə Ümummilli Lider tərəfindən imzalanmış dövlət gənclər siyasəti ilə bağlı Fərman bu sahəyə göstərilən xüsusi diqqətin növbəti institusional təzahürü olmuşdu. Sözügedən sənəd gənclərin təhsil və tərbiyəsi, sağlamlığının qorunması, intellektual və mənəvi potensialının inkişafı, asudə vaxtının səmərəli təşkili, hüquqlarının müdafiəsi, habelə ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin olunması kimi geniş spektrli məsələləri əhatə edərək dövlət gənclər siyasətinin əsas məqsəd və prinsipləri təsbit edilərək icra hakimiyyəti orqanlarının qarşısında konkret vəzifələr qoymuşdu. Bu strateji xəttin davamı olaraq “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlanmış və 9 aprel 2002-ci il tarixində Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanaraq qüvvəyə minmişdir. Qanunun icrası və dövlət gənclər siyasətinin həyata keçirilməsi üzrə əsas səlahiyyətlər müvafiq mərkəzi icra hakimiyyəti orqanı kimi Gənclər və İdman Nazirliyinə həvalə edilmişdir.

Ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə ardıcıl və uğurla davam etdirilir. Məhz bu davamlılıq nəticəsində gənclərlə bağlı məsələlər ölkədə həyata keçirilən ümumi dövlət siyasətinin ayrılmaz və prioritet tərkib hissəsinə çevrilmişdir.  Bu siyasətin mühüm istiqamətlərindən biri kimi 2005-ci ildə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi” Dövlət Proqramı (2005–2009-cu illər) təsdiq edilmişdir. Sözügedən proqram çərçivəsində gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təşviqi, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, eləcə də uşaq və gənclər təşkilatlarının formalaşması və fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Eyni zamanda, dövlət başçısının müvafiq Fərmanı ilə 2006-cı ildə Gənclər və İdman Nazirliyinin yenidən təşkili gənclər siyasətinin icra mexanizmlərinin təkmilləşdirilməsinə xidmət etmiş, bu sahədə məsul dövlət qurumu qarşısında yeni vəzifələr müəyyənləşdirilmişdir. Hər il Azərbaycan Gəncləri Günü münasibətilə silsilə tədbirlərin keçirilməsi, təhsil, elm, idman və digər sahələrdə fərqlənən gənclərin mükafatlandırılması, gənclər tərəfindən irəli sürülən layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqə və forumlarda iştirakının təmin edilməsi bu siyasətin praktik nəticələrindəndir. Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi dövlət başçısının Azərbaycan gəncliyinin bilik və bacarığına, onların ölkənin gələcək inkişafında oynayacağı rola olan dərin inamının ifadəsi olmuşdur. Bu münasibətlə imzalanmış Sərəncamda vurğulandığı kimi, bilik və savad hər bir gəncin həyatda layiqli yer tutmasının əsas şərtidir və məhz bu prinsip dövlətin gənclərlə bağlı siyasətinin ideoloji əsasını təşkil edir.

Gənclərimiz Vətən müharibəsinin ağır sınağından əsl qəhrəman kimi çıxdılar

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi yadda qaldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bu möhtəşəm Qələbənin əldə olunmasında Azərbaycan gəncliyi ön sıralarda yer aldı və üzərinə düşən tarixi məsuliyyəti yüksək şərəf və fədakarlıqla yerinə yetirdi. Bu reallıq Ulu Öndər Heydər Əliyevin gənc nəslin milli maraqlar naminə səfərbər edilməsinə yönəlmiş uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin böyük əksəriyyətini təşkil edən gənclər döyüş meydanında peşəkarlıq, intizam və sarsılmaz iradə nümayiş etdirdilər. Xüsusilə 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi gənc hərbçilərimizin qəhrəmanlığının və vətənpərvərlik ruhunun bariz nümunəsi kimi tarixə düşdü. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiya aktına imza ataraq məğlubiyyətini rəsmən qəbul etdi.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan minlərlə gənc Azərbaycan xalqının milli yaddaşında əbədi yer tutdu. Eyni zamanda, sağlamlığını itirmiş qazilərin sosial müdafiəsi, reabilitasiyası və məşğulluğunun təmin olunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında şəhid ailələri və müharibə iştirakçıları üçün sosial təminat paketləri genişləndirildi, mənzil və avtomobillə təminat proqramları həyata keçirildi.

Qarabağ gənclərlə birlikdə dirçəlir

2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesində də Azərbaycan gəncliyi mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan layihələrdə gənc kadrların iştirakı sistemli xarakter almışdır. Dövlət qurumları və özəl sektor tərəfindən həyata keçirilən infrastruktur, sosial və iqtisadi layihələrdə minlərlə gənc mütəxəssis əmək fəaliyyətinə cəlb olunmuşdur.

Azad edilmiş ərazilərdə yol-nəqliyyat şəbəkəsinin qurulması, hava limanlarının (Füzuli, Zəngilan, Laçın) inşası, elektrik enerjisi, su və qaz təchizatı sistemlərinin yaradılması proseslərində gənc mühəndis və texniki mütəxəssislər fəal iştirak edirlər. Xüsusilə bərpa olunan enerji layihələrinin icrasında gənclərin bilik və bacarıqlarından geniş istifadə olunur. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edildikdən sonra günəş və su elektrik stansiyalarının layihələndirilməsi və istismarında gənc İT və energetika mütəxəssisləri ön sırada yer almışdır.

Eyni zamanda, sosial infrastrukturun formalaşdırılması prosesində də gənclərin rolu artmaqdadır. İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin, uşaq bağçalarının və tibb müəssisələrinin fəaliyyətə başlaması ilə gənc müəllimlər, həkimlər və tibb işçiləri bölgəyə ezam olunmuşdur. Zəngilanın Ağalı kəndi, Laçın şəhəri və digər yaşayış məntəqələrində məskunlaşan ailələrin sosial adaptasiyasında gənclərin iştirakı praktiki nəticələr verməkdədir.

Bundan əlavə, “Qayıdış könüllüləri” hərəkatı çərçivəsində minlərlə gənc azad edilmiş ərazilərə təşkil olunan səfərlərdə iştirak etmiş, ekoloji monitorinq, mədəni irsin qorunması və ictimai maarifləndirmə tədbirlərinə cəlb olunmuşdur.

Ümumiləşdirərək qeyd etmək olar ki, Azərbaycanda dövlət gənclər siyasəti ötən onilliklər ərzində institusional formalaşma mərhələsindən strateji inkişaf mərhələsinə qədər böyük bir yol keçmişdir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu bu siyasi kurs, gəncliyi dövlət idarəçiliyinin passiv obyekti deyil, milli inkişafın fəal subyekti kimi qəbul edərək, ölkənin gələcək taleyində həlledici rol oynamasını təmin etmişdir. Bu uzaqgörən yanaşmanın ən parlaq nəticəsi 44 günlük Vətən müharibəsində gənclərimizin nümayiş etdirdiyi yüksək hərbi peşəkarlıq və sarsılmaz ideoloji vəhdət oldu.

Müasir dövrün çağırışları fonunda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bu gün rəqabətədavamlı insan kapitalının formalaşdırılmasına, innovativ təfəkkürün stimullaşdırılmasına və işğaldan azad edilmiş ərazilərin intellektual potensialla dirçəldilməsinə xidmət edir. Artıq Azərbaycan gənci həm döyüş meydanında şücaət göstərən qəhrəman, həm də post-münaqişə dövrünün bərpa-quruculuq proseslərində texnoloji həllər təklif edən mütəxəssis profilini özündə birləşdirir.

Nəticə etibarilə, gənclərin milli dövlətçilik prinsipləri ətrafında monolit bir qüvvə kimi birləşməsi Azərbaycanın dövlət suverenliyinin dayanıqlılığını təmin edən fundamental amildir. Heç şübhəsiz bu sarsılmaz dialektika Azərbaycanın XXI əsrin qlobal transformasiyalarından daha güclü çıxmasını və müstəqilliyimizin əbədiliyini şərtləndirən ən etibarlı təminat olaraq müstəqil Azərbaycanın uğurlu gələcəyinə layiqli töhfədir.

Yusif MİRZƏZADƏ

Naxçıvan Dövlət Universiteti

Tələbə Elmi Cəmiyyətinin sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: