Türkiyəli alpinistlər Haçadağa 10-cu zirvə yürüşünə hazırlaşırlar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, fevralın 14-də Türkiyədən gələn 27 nəfərlik alpinist heyəti və Naxçıvandan olan ekstrimsevərlərin iştirakı ilə Haçadağ zirvəsinə növbəti yürüş təşkil olunacaq. Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilən ənənəvi yürüşün məqsədi faciə qurbanlarının və şəhidlərin xatirəsini yad etmək, eyni zamanda alpinizmə marağı artırmaqdır.

Fevralın 13-də türkiyəli alpinist heyətinə rəhbərlik edən İğdır Gənclik və İdman İl müdiri Recai Şahin, AFAD-ın İl müdiri Fikrət Dəniz və Türkiyə Dağçılıq Federasiyasının İğdır təmsilçisi Murad Akay Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov ilə görüşüblər. Görüşdə idman sahəsindəki əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, yürüşlə bağlı təşkilati məsələlər müzakirə edilib.

Qeyd edək ki, Türkiyəli alpinistlərin Haçadağa budəfəki zirvə yürüşü sayca onuncudur. Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Turizm Departamentinin dəstəyi ilə həyata keçiriləcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: