Cüdoçu Yasəmən Əliyevadan uğurlu start - FOTOLAR
Abşeron Olimpiya İdman Kompleksində U-14 yeniyetmələr arasında cüdo üzrə liqa yarışının I turu başa çatıb. Yarışda 94 klub və idman cəmiyyətindən olan 541 cüdoçu (452 oğlan, 89 qız) mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasından yarışa məşqçi Orxan Quliyevin rəhbərliyi ilə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin 5 idmançısı qatılıb. Onlardan yalnız biri mükafatçılar sırasına düşməyi bacarıb. Belə ki, 57 kq çəki dərəcəsində çıxış edən Yasəmən Əliyeva üç görüş keçirib və rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Yasəmən bu nəticə ilə liqada yüksək reytinq qazanma yolunda önəmli başlanğıca nail olub.
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışı üç turdan ibarətdir. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.