UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" - "Qarabağ" oyununa təyinat alan italiyalı hakim Davide Massa daha əvvəl də "köhlən atlar"ın İngiltərə klubu ilə matçını idarə edib.
NUHÇIXAN-ın məlumatına görə, 44 yaşlı referi 2018-ci ildə Azərbaycana gəlib.
O, həmin vaxt Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Arsenal" görüşündə əsas söz sahibi olub. UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0.
Bundan əlavə, Davide Massa 2019-cu ildə Ağdam klubunun Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa təyinat alıb.
2014-cü ildən beynəlxalq görüşlərə təyinat alan italiyalı FIFA referisi cari mövsüm UEFA Çempionlar Liqasında 4 matçı idarə edib. O, son olaraq Portuqaliyada "Benfika"nın İspaniyanın "Real" komandasını 4:2 hesabı ilə məğlub etdiyi görüşdə iş başında olub.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.
