Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib - FOTOLAR
Naxçıvan Şahmat Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan yarışda 102 şahmatçı İsveçrə sistemi üzrə 9 turda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yarışın nəticələrinə əsasən, kişilər arasında Yasin Əzimov 8 xalla turnirin qalibi olub. Eyni xala malik Mirsaleh Seyidli aralarındakı şəxsi görüşün nəticəsinə görə ikinci yerə layiq görülüb. Aktivində 7 xal olan Qənbər Hüseynli üçüncü olub. Qadınların mübarizəsində isə Nigar Qənbərli 6 xalla qalib adını qazanıb, Gülsüm Qəhrəmanova 5,5 xalla ikinci, Ayla Zamanlı isə 5 xalla üçüncü yeri tutub.
Sonda ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr, həvəsləndirici yerlərin sahiblərinə isə fəxri fərman təqdim olunub. Mükafatları gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.