“Xocalı Soyqırımı: Unudulmayan tarix” mövzusunda tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan Müəllimlər İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə “Xocalı Soyqırımı: Unudulmayan tarix” mövzusunda tədbir təşkil olunub.
Ali təhsil müəssisəsi ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən birgə təşkil olunan tədbirin əvvəlində Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və institutun tədris işləri üzrə prorektoru, rektor vəzifələrini icra edən Elşən Məmmədov çıxışlarında Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olmaqla yanaşı, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, tarixi ədalətin beynəlxalq müstəvidə tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfər, həyata keçirilən antiterror tədbirləri, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xocalıda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri xüsusi qeyd edilib. Bildirilib ki, soydaşlarımızın doğma torpaqlarına qayıdışı milli birliyin və qürurun təntənəsidir. Eyni zamanda, gənclərin Xocalı həqiqətlərinin təbliğində fəal rol oynamasının, informasiya müstəvisində aparılan mübarizədə təşəbbüskar və ardıcıl mövqe nümayiş etdirməsinin vacibliyi diqqətə çatdırılıb.
Daha sonra ümumi işlər üzrə prorektor Xəyal Camalov “Xocalı soyqırımı – Dünyanın faciəsi, bu günün mübarizəsi”, Humanitar və ictimai fənlər kafedrasının müəllimi Altay Cəfərli isə “Xocalı – Milli yaddaşımızın sönməyən alovu” mövzularında çıxış ediblər.
Tədbir çərçivəsində Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib. Bədii hissədə tələbələr tərəfindən şeirlər səsləndirilib, “Xocalıdan doğan Zəfər” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.