İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut" "Vitaliti" stadionunun tutumunu iki dəfə artırmaq üçün iddialı yenidənqurma planlarını işə salıb.
NUHÇIXAN "The Sun"a istinadən xəbər verir ki, klub stadionunun genişləndirilməsi layihəsinə təxminən 50 milyon funt-sterlinq xərcləyəcək.
"Albalılar" artıq yerli şuranın təsdiqi ilə tikinti işlərinə başlayıblar. Hazırda 11 000 nəfərlik tutumu ilə Premyer Liqanın ən kiçik stadionu olan "Vitaliti" yenidənqurmadan sonra 20 mindən çox azarkeş qəbul edə biləcək.
"Bornmut"un maliyyə cəhətdən də yüksəlişdə olduğu bildirilib. Klubun ümumi gəliri 2022/2023 mövsümündə 143 milyon funt-sterlinq idisə, 2024/2025 mövsümündə bu rəqəm 199 milyon funt-sterlinqə yüksəlib. Həmçinin klubun apreldə açılışı olan 42 milyon funt-sterlinqlik yeni məşq mərkəzi də istifadəyə verilib.
Azarkeşlərin marağı da rekord həddə çatıb. Belə ki, 2025/2026 mövsümü üçün biletlərin yenilənmə faizi 98 faizi ötüb. Klub rəhbərliyi stadion genişləndikdən sonra gəlirlərin daha da artacağını proqnozlaşdırır.
