Aprelin 12-də İtaliyanın paytaxtı Romada “Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının məşəlinin alovlandırılması mərasimi keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və digər şəxslər iştirak edəcəklər.
Mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqo və digər ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələrinin iştirakı gözlənilir.
Xatırladaq ki, Avropa Gənclərinin Yay Olimpiya Festivalı iyulun 21-28-də Bakıda keçiriləcək. Əlli ölkədən 3600-a yaxın atletin iştirak edəcəyi festivalda atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə mübarizə aparacaqlar. Festivalda 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.