Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə start verilir

A- A A+

Aprelin 11-də UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə start verilir.

NUHÇIXAN xəbər verir ki, dörd qarşılaşmadan biri İspaniyanın "Vilyarreal" və "Valensiya" klubları arasında təşkil olunacaq.

Bu komandalar 2003-2004-cü illər mövsümündə həmin vaxt UEFA Kuboku adlanan yarışın yarımfinalda üz-üzə gəliblər. Səfərdə qolsuz heç-heçə edən "Valensiya" evdə Mistanın penalti qolu ilə finala adlayıb. Daha sonra "yarasalar" Fransa "Olimpik"ini üstələyərək, turnirin qalibi olub.

Erkən final adlandırılan qarşılaşma İngiltərədə "Arsenal" və İtaliyanın "Napoli" klubları arasında təşkil ediləcək. "Topçular" "Qarabağ"la birgə yer aldıqları E qrupunu lider kimi başa vurub. Neapollular isə Avroliqaya Çempionlar Liqasından qrup üçüncüsü kimi gəliblər. Bugünkü matçda "Arsenal" Rob Holdinq, Denni Uelbek və Ektor Belyerinin xidmətindən yararlana bilməyəcək. "Napoli"də isə Raul Albiol və Amadu Diavara meydana çıxmayacaq. Bu komandalar əvvəllər yalnız 2013-2014-cü illər mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıblar. Həmin vaxt hər iki komanda 2:0 hesablı qələbə qazanıb.

Daha bir görüşdə Portuqaliyanın "Benfika" və Almaniyanın "Ayntraxt" komandaları üz-üzə gələcək. Lissabon təmsilçisi də Avroliqaya Çempionlar Liqasında qrup üçüncüsü kimi qoşulub. Daha sonra "qartallar" 1/16 finalda "Qalatasaray" (Türkiyə), 1/8 finalda isə "Dinamo" (Zaqreb, Xorvatiya) klublarından üstün olublar. "Ayntraxt" isə Avroliqanın qrup mərhələsindəki 6 oyunun hamısından qalib ayrılıb. Daha sonra isə Frankfurt komandası Ukrayna "Şaxtyor"u və İtaliya "İnter"ini üstələyib. İki klub ilk dəfə qarşılaşacaqlar.

Nəhayət, Çexiyada "Slaviya" İngiltərənin daha bir təmsilçisi "Çelsi"ni qəbul edəcək. Praqalılar ötən mərhələdə turnirin son qalibi İspaniya "Sevilya"sını mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıblar. "Slaviya" bu mövsüm öz meydanında uduzmayıb. "Çelsi" isə ümumiyyətlə məğlubiyyət acısı yaşamayıb.

Qeyd edək ki, Avropa Liqasının finalı mayında 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: