Naxçıvanlı idmançı Fatimə Bağırzadə beynəlxalq turnirin qalibi olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10–12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində “Grand Prix” beynəlxalq karate turniri keçirilib. Turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikasından yarışda “Naxçıvan” karate klubunun idmançıları təmsil olunublar. Klubun üzvlərindən Fatimə Bağırzadə 10–11 yaş kateqoriyasında 44 kq çəki dərəcəsində birinci yerin sahibi kimi turnirin qızıl medalına layiq görülüb. Digər idmançı Sona Nəcəfbəyli (8–9 yaş, -32 kq) isə turniri üçüncü yerdə başa vurub.
Əlavə edək ki, beynəlxalq yarışın ardınca 2-ci liqa (həvəskarlar) üzrə turnir təşkil olunub. Həmin turnirdə Hüseyn Qafarlı (10–11 yaş, +50 kq) birinci, Damla Tağızadə (10–11 yaş, -44 kq) ikinci yerə, Fuad Sadiqov (10–11 yaş, -40 kq) və Yusif Tağıyev (10–11 yaş, -40 kq) isə üçüncü yerə sahib olublar.