Muxtar respublikamızda gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği 2019-cu ilin ötən üç ayında da diqqətdə saxlanılıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, gənclərdə vətənpərvərlik tərbiyəsinin aşılanması məqsədi ilə film və tamaşalar nümayiş etdirilib, muzeylərə ekskursiyalar təşkil olunub, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi idman oyunu, məktəblilər arasında “Şahin” hərbi idman oyununun rayon(şəhər) birincilikləri, “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunan yeniyetmə və gənclər arasında inşa yazı, şeir və rəsm müsabiqələri keçirilib.
Həmçinin gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşdırılması məqsədi ilə “Naxçıvan Muxtar Respublikası-95” devizi altında gənc dövlət qulluqçuları, o cümlədən “Naxçıvan” Universitetinin və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Xəmsə”, “Kim? Nə? Hara?”, Culfa Sərhəd Komendatlığının əsgərləri arasında “Vətəni tanı”, gənclər arasında “Axtar, tap”, Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarında “Ağıllı uşaq” intellektual oyunları, “Poliqon” Strateji İntelekt Oyunu üzrə “Universiada” təşkil olunub. Yeniyetmələr arasında “İntellektual Oyunlar Olimpiadası”nın şəhər və rayon biricilikləri keçirilib. Ötən dövrdə Ağbulaq İstirahət Mərkəzində “Qış Məktəbi” təşkil olunub, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində, Görüş yeri kafesində gənclərin iştirakı ilə müxtəlif tədbirlər, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarla “Birlik” əyləncəli tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin www.naxgin.az saytı yenilənib, saytın Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində fəaliyyət göstərməsi təmin edilib. Hərbi xidmətdən təxris olunan gənclərin peşə ixtisas kurslarına cəlb olunması istiqamətində işlər aparılıb, gənclərdə ətraf mühitə sevgi və qayğı hisslərinin yüksəldilməsi məqsədilə “Bir ovuc sevgi” devizi altında tədbir keçirilib, “Gənclər bağı”nda iməciliklər təşkil olunub.
Ötən dövrdə idman tədbirlərinin keçirilməsi də diqqətdə saxlanılıb, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” və “Naxçıvan Muxtar Respublikası-95” devizləri altında müxtəlif idman növləri üzrə muxtar respublika, Naxçıvan şəhər açıq birincilikləri, yoldaşlıq görüşləri keçirilib, ekstremal yürüş üzrə muxtar respublika açıq birinciliyi təşkil olunub. Bunlarla yanaşı Naxçıvan Muxtar Respublika XVII Futbol Çempionatının II dövrə oyunları, Şahmat Mərkəzinin təsnifat turniri təşkil olunub, Şahmat Federasiyası ilə birlikdə Kəngərli rayon Uşaq-Gənclər Şahmat Məktəbində müəllimlər, şahmatçılar və valideynlərlə görüş keçirilib.
Keçirilən tədbirlərlə yanaşı müxtəlif idman növləri üzrə Azərbaycan birinciliklərində və çempionatlarda,10-cu “Bakı Open”, 9-cu "Tbilisi Open" beynəlxalq turnirlərdə, eləcə də yeniyetmələr arasında cüdo üzrə Təbriz şəhərində keçirilən beynəlxalq turnirdə muxtar respublika idmançılarının iştirakı təmin edilib. İdmançılarımız Azərbaycan birinciliklərində 46, beynəlxalq turnirdə 40 olmaqla ümumilikdə 86 medal qazanıblar.